ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Avropa İttifaqının (Aİ) sıxışan durumunda mövcud aktivliyi göstərir ki, İttifaqın genişlənməsi ilə bağlı qarşıda bizi kritik bir mərhələ, qərarlar gözləyir. Ukrayna məsələsi, onun aqibəti, bu işdə İttifaqın ortaya qoyduğu mövqe bütün aktorlara aydın yanaşma təqdim etməyə imkan verəcək. Gedişat isə Aİ-nin Ukraynayla bağlı məsələdə nə qədər qətiyyət göstərəcəyindən asılıdır”.
Bu sözləri Globalinfo.az-a Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib:
Politoloq bildirib ki, qarşıdakı period diqqət tələb edən hadisələrlə dolu olacaq:
“Bu, özünü böyük siyasi seçimlərdə, eyni zamanda daha az göstərən texniki detallarda büruzə verəcək. Avropa İttifaqı Ukraynaya dəstəkdən tutmuş Qərbi Balkanların inteqrasiyasına qədər məsələlərdə, Qara dənizdə, Cənubi Qafqazda mövqeyini daha aydın ortaya qoyur. Məsələ ondan ibarətdir ki, İttifaq və ümumilikdə Qərb strukturları regionlarda möhkəmlənmək istəyirlər. Proseslərə ilkin olaraq öz maraqlarını təmin etmək üzərindən yanaşırlar. Biz bunu enerji resursları üzərindən Qara dənizdə də, Cənubi Qafqazda da aydın görürük. Müzakirələr gedir, islahatlar nəzərdən keçirilir, Avropa İttifaqı hətta xarici siyasəti ilə bağlı uyğunlaşma və miqrasiyanın idarə olunması sahəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçirir.
Sülh, təhlükəsizlik, sabitlik və rifaha ən vacib geostrateji investisiya kimi baxdığını bildirir. Lakin əsas məqam Aİ-nin verdiyi sözlərdə, vədlərdə nə qədər konkret olacağıdır. Proseslərə sadəcə öz maraqları çərçivəsindən baxmalı deyil”.
Şəbnəm Həsənova
Ş.Həsənova qeyd edib ki, Cənubi Qafqaz spesifik bir regiondur:
“Bu regionda Azərbaycan və Ermənistana paralel olaraq Gürcüstan da Avropa İttifaqının maraqlarını yenidən cəlb edir. Aİ Ermənistandan sonra qarmağı Gürcüstana yenidən keçirmək istəyir. İttifaqın məqsədi bəllidir, lakin bu qədər keşməkeşdən sonra Gürcüstanın reaksiyası da az önəmli olmayan məsələdir. Bu baxımdan, Prezidenti Mixail Kavilaşvilin açıqlamaları diqqət cəlb edir. O bildirir ki, Gürcüstan həmişə Avropanın bir hissəsi olmağa can atıb. Prezident niyyətlərini inkar etmir və hazırda da bunda maraqlı olduqlarını da gizlətmir. Əvvəlki hakimiyyətlər Avropa İttifaqı ilə daha sıx münasibətlər qurdular, Rusiya ilə əlaqələri kəskinləşdirdilər və nəticədə ölkə işğal reallığı ilə üz-üzə qaldı. Kənardan Kavilaşvilinin tamamilə Rusiya meyilli siyasət yürütdüyü düşünülsə də, onun bu açıqlaması vəziyyətin əslində başqa olduğunu göstərir. Beləliklə, Gürüstan artıq heç kəs və heç nə baxımından deyil, reallığı anladığı üçün maraqlarını təmin etməkdə israrlıdır. Kavilaşvilinin sözündən bu çıxır ki, milli maraqların təmin edilməsi rəqabətin arasında qalmadan, öz yolunu tutub cəmiyyəti inkişaf etdirmək məqsədlərinə, hədəflərinə sadiqlikdən keçir. Qələbəni qarşıdurmada deyil, sülhün qorunmasında, radikal zorakılığın və xarici müdaxilənin qarşısının alınmasında, ölkədə sabitliyin və təhlükəsizliyin gücləndirilməsində axtarırlar.
Gürcüstan reallıqları Azərbaycanın “case”ni düzgün dəyərləndirərək daha da dərk edir. Dövlət özü milli maraqları müdafiə etməsə, heç kim onu dəstəkləməyəcək. Ukrayna göz önündədir. Bu baxımdan, Kavilaşvil mövcud vəziyyətin reallığı bir daha aydın şəkildə nümayiş etdirdiyini göstərir. Təbii ki, Gürcüstan proseslərdə məğlub olmaq istəmir, əksinə, uduzduğunu geri almaq, bundan sonra düzgün qərar verməyi hədəfləyir. İndiki məqamda proseslərdən qalib çıxmaq üçün aktorlar daha da ayıq olmalıdırlar”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.