AZ

Prezident İlham Əliyevin Amnistiya təşəbbüsü: güclü dövlət, humanist siyasət



Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya təşəbbüsü ilə çıxış etməsi müasir Azərbaycan tarixində mühüm siyasi və mənəvi hadisədir. Bu təşəbbüs bir daha sübut edir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amili, Azərbaycan vətəndaşının hüquqları, taleyi, ləyaqəti və cəmiyyətin rifahı dayanır.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, məlum olduğu kimi, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş, Konstitusiyamız respublikanın bütün ərazilərində real şəkildə bərqərar edilmişdir. Bu hadisələr müstəqil Azərbaycan dövlətçiliyinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Məhz belə bir tarixi mərhələdə irəli sürülən amnistiya təşəbbüsü Prezident İlham Əliyevin humanizm və mərhəmət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir və “Konstitusiya və Suverenlik İli”nə xüsusi məna qazandırır. Bu təşəbbüs açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan dövləti gücünü yalnız siyasi və hərbi qələbələrlə deyil, eyni zamanda humanist yanaşması, sosial ədalətə söykənən qərarları ilə təsdiqləyir. Dövlətin gücü hüququn humanizmlə, ədalətin mərhəmətlə vəhdətində təzahür edir.

Millət vəkili Tamam Cəfərova Amnistiya aktının əhatə dairəsinə xüsusi diqqət çəkərək qeyd edib ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu, müstəqil Azərbaycan tarixində ən genişmiqyaslı amnistiya olacaq. Bu qərar minlərlə ailəyə sevinc, ümid və gələcəyə inam bəxş edəcək. Dövlət cəmiyyət üçün təhlükə törətməyən məhkumlara yeni şans verir, onların islah olunaraq cəmiyyətə reinteqrasiyasını təşviq edir.
Amnistiya aktının layihəsinə əsasən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Bu yanaşma dövlətimizin öz vətəndaşına verdiyi yüksək dəyərin, sosial məsuliyyətin və humanizm prinsipinin təzahürüdür.

Ötən dövrlərə daha dəqiq nəzər saldıqda bu siyasətin miqyasını aydın şəkildə görmək mümkündür. 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya aktı 17 mindən artıq insanı əhatə edib. Ümumilikdə isə 71 əfv fərmanı və sərəncam imzalanıb və nəticədə 10 mindən çox məhkum azadlığa qovuşub. Onlardan 7 mindən artıq şəxs Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları ilə azad edilib. Eyni zamanda, Milli Məclisin deputatı olduğu dövrdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları da Azərbaycan dövlətinin humanist mahiyyətinin göstəricisidir.
Prezident İlham Əliyev indiyədək dəfələrlə amnistiya və əfv təşəbbüsləri ilə çıxış edərək on minlərlə insanın taleyində müsbət dönüş yaradıb. Dövlət başçısı Konstitusiyanın verdiyi müstəsna səlahiyyətdən – bağışlamaq hüququndan məhz insanlara azadlıq kimi ali bir dəyərin bəxş edilməsi naminə istifadə edir. Bu siyasət Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu humanizm xəttinin ardıcıl və uğurlu davamıdır.

Əminliklə demək olar ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülmüş bu amnistiya təşəbbüsü Azərbaycan cəmiyyətində humanizm, mərhəmət və sosial həmrəyliyi daha da gücləndirəcək, dövlət–vətəndaş münasibətlərində etimadı möhkəmləndirəcək və tariximizə mühüm, rəmzi bir hadisə kimi yazılacaq. Millət vəkili Tamam Cəfərova belə deyib.



Seçilən
114
aia.az

1Mənbələr