AZ

“Şəki Siti”də maaşlar ödənmir – PFL: “Məsələdən xəbərdarıq”

“Şəki Siti” klubunda baş verənlərdən xəbərdarıq. Əlbəttə, klubla daim əlaqədəyik. Komandanın oyuna çıxmaması yaxşı hal deyil. Maliyyə probleminin başlıca səbəbini təfərrüatlı deyə bilmərik. Bu məqam klubla sponsor arasında olan məsələdir. “Şəki Siti” də digərləri kimi dövlətdən maliyyə dəstəyini alır".

Bu sözləri “Yeni Sabah”a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

O, İkinci Liqada çıxış edən “Şəki Siti” klubunda maaşların ödənməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

S. Abdullayevin sözlərinə görə, İkinci Liqanın digər komandaların maliyyə vəziyyəti hazırda stabildir:

“Yəni liqa oyunlarına davamiyyət baxımından axsama yoxdur. Klubların rəsmi şəxsləri də daxil olmaqla, futbolçular müqavilə hallarında baş verən pozuntuya görə AFFA Oyunçuların Statusu və Keçidi Komitəsinə müraciət edə bilərlər”.

S. Abdullayev qeyd edib ki, istənilən klubun turnirlərdən uzaqlaşdırılmasının bir sıra səbəbi var:

“Əgər klub 2 dəfə ardıcıl oyunda iştirak etməzsə, yarışlardan xaric olunur. Futbolçulara isə azad agent statusu verilir. Bundan əlavə, klub oyunlardan yarısından azını keçiribsə, nəticələri ləğv olunur. Yarısı və çoxunu keçiribsə, növbəti oyunlar üçün ona 0-3 hesablı texniki məğlubiyyət verilir. Bütün bu və digər bu kimi hallar Əsasnamə ilə tənzimlənir”.

Xatırladaq ki, İkinci Liqada mübarizə aparan “Şəki Siti”nin futbolçusu Nurlan Novruzov heyətdə çıxış edən futbolçuların 4 aydır ki, məvacib almadığını, növbəti turun oyununa çıxmayacaqlarını bildirib.

“Şəki Siti” 13-cü turunda “Qarabağ Lökbatan”la qarşılaşmada iştirak etməyib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
85
yenisabah.az

1Mənbələr