AZ

AQTA sədri: Bakıda keçirilən mövsümi yarmarkalarda məhsulların keyfiyyətinə operativ nəzarət təmin edilir

Bakı, 17 dekabr, AZƏRTAC

Ölkənin ərzaq təhlükəsizliyinin sistemli şəkildə təmin edilməsi mühüm strateji əhəmiyyət daşıyır. Belə ki, qida təhlükəsizliyi tələbləri yerinə yetirilmədən ərzaq məhsulları istehsalının və dövriyyəsinin təşkil olunması insan sağlamlığı risklərinə yol aça bilər. Bu baxımdan ərzaq məhsullarının istehsalı, emalı, daşınması, habelə topdan və pərakəndə satışı da daxil olmaqla istehlaka qədərki qida təhlükəsizliyi zənciri boyu ciddi izlənilmə tədbirləri həyata keçirilir. Bu istiqamətdə müxtəlif növ ərzaq məhsullarının satış yarmarkaları, sərgi və festivallarında təqdim edilən məhsullara baytarlıq-sanitariya və sanitariya-gigiyena nəzarəti ciddi şəkildə yerinə yetirilir. Bu məhsulların ilkin istehsalı və istehsal sahələri üzrə qida təhlükəsizliyi tələbləri müəyyənləşdirilərək sahibkarlara metodik kömək göstərilir, müasir beynəlxalq standartların tətbiqi istiqamətində işlər aparılır, əhali arasında isə maarifləndirici tədbirlər icra edilir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Aqrar Biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxış edərkən deyib.

AQTA sədri bildirib ki, aqrar sahədə innovasiyaların təşviqi, fermer və sahibkarların bilik və imkanlarının genişləndirilməsi, habelə dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından bu cür festivalların əhəmiyyəti danılmazdır: "Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında təşkil olunan Aqrar Biznes festivalları artıq aqrar sektor üçün mühüm dialoq, bilik və təcrübə mübadiləsi platformasına çevrilib. Agentlik olaraq, bu festivallarda fəal iştirak etməklə əsas məqsədimizi – aqrar istehsalda təhlükəsizliyin, keyfiyyətin və dayanıqlılığın təmin edilməsi fermer və sahibkarlara birbaşa, aydın və praktik mexanizmlər vasitəsilə çatdırılır. Hər il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkaları çərçivəsində satışa çıxarılan bütün məhsullar risk əsaslı yoxlamalara cəlb olunur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən bal və digər arıçılıq məhsullarından nümunələr götürülərək laborator müayinələr aparılır, qida təhlükəsizliyi və keyfiyyət standartlarına cavab verməyən məhsulların satışına yol verilmir".

Qoşqar Təhməzli vurğulayıb ki, Bakı şəhərində keçirilən mövsümi yarmarkalarda da məhsulların keyfiyyətinə operativ nəzarət təmin edilir: "Yarmarkalarda fəaliyyət göstərən Səyyar Qida Laboratoriyaları vasitəsilə vətəndaşların satışa çıxarılan məhsulların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müraciətləri yerində araşdırılır, zərurət yarandıqda isə məhsullardan laborator analizlər üçün nümunələr götürülür. Bu yanaşma istehlakçıların etimadının artırılmasına və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin olunmasına xidmət edir".

 

Seçilən
64
1
azertag.az

4Mənbələr