AZ

Tramp Andrey Babişin Çexiyanın baş naziri təyin olunmasını alqışlayıb

ABŞ prezidenti yeni hökumət başçısı ilə müdafiə və enerji sahələrində əməkdaşlıqdan böyük gözləntilərini açıqlayıb…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Andrey Babişi Çexiyanın baş naziri vəzifəsinə başlaması münasibətilə təbrik edib. Tramp milyarder siyasətçinin ölkə hökumətinin rəhbəri olmasından məmnunluğunu ifadə edərək, onunla birgə mühüm sahələrdə ciddi uğurlar əldə olunacağına inandığını bildirib.

ABŞ prezidenti Truth Social sosial şəbəkəsində paylaşımında qeyd edib ki, tərəflər müdafiə, energetika və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahələrində əvvəlki prezidentlik dövrlərində olduğu kimi yenidən böyük nəticələrə nail ola bilərlər. Tramp Andrey Babişi “sövdələşmə aparmağı bacaran siyasətçi” kimi xarakterizə edərək, ondan konkret və təsirli nəticələr gözlədiyini vurğulayıb. Bu nəticələr sırasında Çexiyaya ABŞ istehsalı olan F-35 qırıcılarının tədarükü məsələsi də yer alır.

Xatırladaq ki, Çexiya ilə ABŞ arasında Praqaya 24 ədəd F-35 qırıcısının satışı ilə bağlı 6,6 milyard dollar dəyərində memorandum 2024-cü ilin yanvarında imzalanıb. Sözügedən razılaşma Çexiyanın əvvəlki hökuməti, Petr Fialanın kabineti tərəfindən təsdiqlənmişdi.

Bununla belə, Andrey Babişin rəhbərlik etdiyi və bu il keçirilən parlament seçkilərində qalib gələn ANO Partiyası əvvəlki dövrlərdə bahalı hərbi satınalmalara qarşı çıxmış, həmçinin ABŞ qırıcılarının alınmasına skeptik yanaşmışdı. Lakin noyabr ayında partiya sədrinin müavini Karel Havliçek bu müqavilənin artıq həll olunmuş məsələ olduğunu bildirərək, Çexiyanın ABŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməli olacağını deyib.

Avropa İttifaqı ölkələrində isə Andrey Babişin hakimiyyətə gəlişi daha ehtiyatla qarşılanır. Onun baş nazir postuna təyin olunması Çexiyanın Aİ daxilində Macarıstan və Slovakiya kimi “narahatlıq yaradan” ölkələr sırasına qoşula biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

Poliqon.info

Seçilən
100
poliqon.info

1Mənbələr