AZ

Vətəndaşın ucuz xidmət axtarışı: Qanunsuzluğa yol açır

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Ötən ay özəl tibb müəssisələrində aparılan yoxlamalar zamanı qanunsuz fəaliyyət qeydə alınan sahələr üzrə ilk beşlikdə kosmetologiya, stomatologiya, rentgenologiya, allerqologiya, pediatriya və qastroenterologiya olub. 

Məlumata görə, stomatologiya üzrə iki sertifikasiya şəhadətnaməsi, iki lisenziya olmadan bir isə yoxlamanın keçirilməsinə şərait yaradılmaması faktı aşkarlanıb. Kosmetologiya əsasən vizual estetikaya yönəldiyi üçün insanların könüllü müraciət etdiyi sahə olsa da, stomatologiya birbaşa sağlamlıqla bağlıdır və bir çox prosedurlar vacib hesab edilir. 

Buna baxmayaraq, stomatologiya sahəsində qanunsuz fəaliyyətin bu qədər geniş yayılması göstərir ki, bəzi müəssisələr rəsmi icazə olmadan xidmət göstərir. Daha ucuz xidmət axtaran vətəndaşlar isə həmin müəssisələrə müraciət edir. Vətəndaşların ucuz xidmət axtarışı qanunsuz fəaliyyətə necə təsir göstərir? 

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlama verən həkim-stomatoloq Zəlimxan Məmmədli bildirib ki, ümumiyyətlə, bütün qanunsuzluqların əsas səbəbi sistemdəki çatışmazlıqların təzahürüdür: 

“Bununla yanaşı, fərdi məsuliyyət məsələsi də var, yəni bəzi fərdlər qanuna tabe olmaya bilər. Lakin daha çox problemlər sistemlə bağlıdır. Mən 40 illik staja malik dövlət poliklinikasında çalışan biri kimi deyirəm ki, səhiyyə sistemində ciddi islahatlara ehtiyac var. 

Vətəndaşın xidmətə əlçatanlığı, məmnunluğu və aldığı xidmətin keyfiyyəti üçün lazımi şərait yaradılmalıdır. Həmçinin, tibb personalının, vəzifəsindən asılı olmayaraq yüksək səviyyədə təmin olunması vacibdir. Bu cür sistem qurulmadan, effektiv nəticələr əldə etmək mümkün deyil. 

Sistem çatışmaz olduqda xidmət keyfiyyəti aşağı düşür. Laborator müayinələr, ultrasəs və digər müayinələr üçün avadanlıqlar yetərli olmadıqda xəstənin əlçatanlıq və məmnunluq səviyyəsi azalır. Nəticədə vətəndaşlar alternativ imkanlar axtarmağa məcbur olurlar. Eyni zamanda, tibb personalının yüksək səviyyədə təminatı yoxdursa, onlar da peşə fəaliyyətində motivasiyasız olur”. 

O qeyd edib ki, bu səbəblərə görə vətəndaşları qınamaq düzgün deyil: 

“Sistemdə islahatlar aparılmalı, tələblərə uyğun, inkişaf edən və dinamik sistem yaradılmalıdır ki, həm xəstələr, həm də tibb personalı məmnun olsun. Birinci növbədə sistemin özündə vahid mərkəzləşmiş prinsip tətbiq olunmalıdır. 

Səhiyyə sistemi, həkimlər və klinikalar mərkəzlə idarə olunmalı, problemlər kompleks şəkildə həll edilməlidir ki, qanunsuz hallara yol verilməsin. Qanunsuzluqların çox səbəbləri var. Azərbaycanda bəzi məmurların rüşvət və korrupsiya halları səhiyyə sisteminin inkişafına mane olur”.

Gülər Həsənli 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
163
1
cebheinfo.az

2Mənbələr