İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa layihədə təklif olunan dəyişikliklər barədə məlumat verib. O bildirib ki, qanun layihəsi elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin - idxalının, ixracının, istehsalının, saxlanılmasının, topdan və pərakəndə satışının və istifadəsinin qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Komitə sədri vurğulayıb ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınıb. O, dəyişikliklərin əhalinin sağlamlığının qorunması, xüsusilə gənc nəslin zərərli vərdişlərdən uzaq tutulması baxımından əhəmiyyətini vurğulayıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması və onların reklamının qadağan olunması ilə bağlı ölkədə mövcud olan qanunvericilik bazasından söz açıb. Bu qanunvericilik bazasının icrası və real tətbiqi ilə bağlı məsələlərə toxunub, müzakirəyə çıxarılan layihədə təklif olunan dəyişikliklərlə və bəzi anlayışların dəqiqləşdirilməsi ilə bağlı qeydlərini və təkliflərini səsləndirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, qanun layihəsindəki dəyişikliklər cəmiyyətin sağlam həyat tərzinə təşviq olunmasına xidmət edir. Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər "Tütün və tütün məmulatı haqqında" Qanuna təklif olunan dəyişiklikdən irəli gəlir. Belə ki, elektron siqaretlərin dövriyyəsi qadağan edildiyindən "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi həyata keçirilir. Vurğulanıb ki, təqdim olunan dəyişikliklər sosial məqsədlərin reallaşdırılmasını və cəmiyyətin sağlamlığının qorunmasını hədəfləyir.
Müzakirələrdə Milli Məclisin komissiya sədri Eldar İbrahimov, komitə sədrlərinin müavinləri Jalə Əliyeva, Azər Badamov, Elşad Musayev, deputatlar Əlibala Məhərrəmzadə, Novruzəli Aslanov, Vüqar İskəndərov, Aydın Hüseynov, Göydəniz Qəhrəmanov, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Validə Sadıxova, Milli Məclis Aparatının şöbə müdirləri Adil Vəliyev və Məhəmməd Bazıqov çıxış ediblər, öz fikirlərini və bəzi qeydlərini bildiriblər.
Yekunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. Tədbirdə Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31