AZ

Prezident Kitabxanasında “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” kitabının təqdimatı keçirilib

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Prezident Kitabxanasında Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanmış “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” (“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi”) kitabının təqdimat mərasimi keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ardınca Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova çıxış edib.

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova nəşrin elmi, tarixi və ictimai əhəmiyyətindən danışıb. O, kitabın Qarabağın zəngin keçmişini, azadlıq mübarizəsini və postmünaqişə dövründə aparılan bərpa prosesini beynəlxalq auditoriyaya dolğun şəkildə təqdim etdiyini vurğulayıb.

Daha sonra işğaldan azad edilmiş ərazilərin bərpasını və dirçəlişini əks etdirən “Faciədən Zəfərə” adlı videoçarx nümayiş etdirilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək kitabın əhəmiyyəti və hazırlanma prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, nəşr Qarabağın tarixini, azad olunmasını və bərpa prosesini əhatəli şəkildə təqdim etməklə yanaşı mətn, fotoşəkillər, rəsmi şəxslər və ekspertlərlə müsahibələr, eləcə də doğma torpaqlarından didərgin düşmüş insanların xatirələrini özündə birləşdirir.

Tədbirin davamında kitabının video təqdimatı nümayiş etdirilib.

Daha sonra kitabın müəllifi, britaniyalı yazıçı Qrem Vilson çıxış edərək nəşrin yaranma ideyasından, üzərində aparılan tədqiqat işlərindən və kitabın konseptual yanaşmasından bəhs edib.

Təxminən 500 səhifəni əhatə edən bu kitab mətn, fotoşəkillər və interaktiv rəqəmsal materialların sintezini təqdim etməklə Qarabağın dirçəliş tarixini oxucuya çoxşaxəli və sistemli şəkildə çatdırır.

Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev nəşrin Qarabağın keçdiyi mürəkkəb tarixi yolun, əldə olunan Zəfərin və regionda suverenliyin bərpasından sonra aparılan genişmiqyaslı quruculuq işlərinin obyektiv və sistemli şəkildə təqdim olunması baxımından mühüm mənbə olduğunu qeyd ediblər.

Tədbirin sonunda Qrem Vilsonun “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance”, “Azerbaijan Democratic Republic: A Dream That Never Died” və “Ilham: Portrait of a President” kitablarının “Veysəloğlu” Şirkətlər Qrupunun dəstəyi ilə Prezident Kitabxanasına hədiyyə edilməsinə görə Qrup CEO-nun Korporativ Funksiyalar üzrə müavini - İcra Komitəsinin üzvü İlqar Nuriyə Qarabağ Dirçəliş Fondunun “İanə sertifikatı” təqdim edilib.

Seçilən
112
azertag.az

1Mənbələr