Yeni tədqiqata görə, qlobal istiləşmə səbəbindən buzlaqların ərimə sürəti 2040-2055-ci illər arasında kritik səviyyəyə çatacaq.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, Yer kürəsindəki 211 min buzlağı qorxulu ssenari gözləyir.
Hesablamaya görə, son dövrlərdə hər il təxminən 750-1000 buzlaq yox olursa, bu rəqəm 2040-cı ilə qədər üç-dörd dəfə artacaq.
Mövcud iqlim siyasəti davam edərsə, 2040-2060-cı illər arasında hər il təxminən 3000 buzlağın yox olacağı proqnozlaşdırılır. Xüsusilə ilk olaraq Alp dağlarının buzlaq itkisi yaşayacağı və 2033-cü ilə qədər 100-dən çox buzlağın tamamilə yox olacağı bildirilir.
2100-cü ilə qədər Mərkəzi Avropada bu gün mövcud olan 3200 buzlaqdan yalnız 110-nun qalacağı təxmin edilir. Bu kütləvi ərimə, kənd təsərrüfatı suvarma və içməli su üçün dağlardakı buzlaqlardan asılı olan təxminən 2 milyard insan üçün ciddi təhlükə yaradır.