Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Son illər kirayə müqaviləsinin bağlanması mühüm tələblərdən biridir.
Xüsusilə paytaxt Bakıda kirayədə yaşayan vətəndaşların sayı kifayət qədərdir. Kirayə müqaviləsinin bağlanmaması bir neçə amillərlə bağlıdır. Bəzi hallarda ev sahibi ilə kirayədə qalan şəxs arasında rəsmi kirayə müqaviləsi imzalanmır. Lakin müqavilənin olmaması gələcəkdə hüquqi mübahisələrə və tərəflərdən birinin hüquqlarının pozulmasına səbəb ola bilər.
Səbəblərdən biri odur ki, kirayədə yaşayan vətəndaş müxtəlif səbəblərdən yaşadığı məzili tez-tez dəyişmək məcburiyyətində qalır. Bu zaman müvəqqəti qeydiyyata alınan vətəndaş şəxsiyyət vəsiqəsini dəyişməlidirmi?
Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, kirayədə qalan vətəndaş müvəqqəti qeydiyyata alınırsa, onun şəxsiyyət vəsiqəsində vətəndaşın daimi qeydiyyatda olduğu ünvan göstərilir:

“Kirayədə yaşadığı ünvan onun müvəqqəti qeydiyyata düşdüyü ərazidir. Müvəqqəti qeydiyyat odur ki, polis orqanları həmin şəxsi müvəqqəti qeydiyyata alır. Həmin şəxs ola bilər ki, 5-6 ay, yaxud 1 il müddətində orada yaşasın. Ancaq bu müvəqqətidir.
Qanunvericilikdə bununla bağlı şəxsiyyət vəsiqəsini dəyişmək tələbi yoxdur. Yəni daimi qeydiyyatda olduğu yerdə də qalır. Sadəcə olaraq ərazi üzrə müvəqqəti qeydiyyata düşür ki, bu şəxs burada yaşayır. Müvafiq qurumlara sənədləri təqdim edir.
Yəni kirayə müqaviləsi, şəxsiyyət vəsiqəsini təqdim edir ki, sabah dövlət orqanları bu şəxsi axtaran zaman yerini müəyyən edə bilsin. Əgər uzunmüddətli kirayə müqaviləsi bağlanılıbsa, şəxsiyyət vəsiqəsinin dəyişilməsi məsləhətdir. Ancaq qısamüddətli üçün dəyişməyə ehtiyac yoxdur”.
Vəkilin sözlərinə görə, bu qaydalar əsasən iki vəziyyət üçün müəyyən olunub:
“Birincisi, şəxsin faktiki olduğu yerin müəyyən olunması məqsədi daşıyır. Çünki vətəndaş qeydiyyatda bir yerdə ola bilər, ancaq mütəmadi olaraq başqa ərazidə yaşaya bilər. Yəni həmin şəxsin tapılmasına ehtiyac yarandığı təqdirdə faktiki yaşadığı yerin müəyyən olunması məqsədi daşıyır.
İkincisi isə kirayə müqavilələrinin tərtib olunması məcburiyyəti yaranır və kirayə verən şəxslərin vergidən yayınma halları azalır, eləcə də kirayə ilə bağlı gələcəkdə ortaya çıxan müəyyən mübahisələrin həlli asanlaşır”.
Axtarışda olan hər hansı şəxslə bağlı məsəsləyə gəldikdə isə kirayə müqaviləsinin bağlanmasında mənzil sahibi məsuliyyət daşıyır:
“Çünki şəxs deyə bilər ki, mən müvəqqəti, 15 gün, yaxud 1 aylıq gəlmişəm, bu baxımdan, müvəqqəti qeydiyyata düşmək səbəbim yoxdur. Bu zaman məsuliyyəti kirayə verən ev sahibi daşıyır və o, kirayə müqaviləsi bağlamaq məcburiyyətindədir.
Bu müqavilədə müddət öz əksini tapır. Polis orqanları araşdırma aparan zaman müqavilədə göstərilən tarixlərdən həmin şəxsin doğrudan da 15 gün, yaxud 1 illik qalma planlarını müəyyən edə bilərlər. Müqavilə olmasa, kirayə verən şəxs məsuliyyət daşıyır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.