AZ

Bəşər Əsəd sirləri açmaq istəyir

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Ölkəsindəki diktatura rejiminə qarşı xalq üsyanı nəticəsində devrilərək Rusiyaya sığınan Suriyanın sabiq prezidenti Bəşər Əsəd hazırkı həyatı ilə bağlı bəzi məlumatları bölüşüb.

Reyting.az xəbər verir ki, “The Guardian” nəşrinin yazdığına görə, Əsəd artıq bir ildən çoxdur Moskvada yaşayır. O, Rusiya paytaxtında həkim kimi oftalmologiya üzrə təhsilini davam etdirir.

Etibarlı mənbələr bildirirlər ki, sabiq prezident rus dilini öyrənir, çox az insanla ünsiyyətdə olur və faktiki olaraq təcrid olunmuş həyat tərzi sürür.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədi əhəmiyyətli siyasi fiqur hesab etmir və onunla bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Əsəd sığındığı ölkədə ailəsi ilə birlikdə dəbdəbəli həyat sürsə də, Rusiya və Suriya elitası ilə əlaqə saxlamasına icazə verilmir.

Devrilmiş diktatorun övladlarının isə tez-tez Birləşmiş Ərəb Əmirliklərinə səfər etdikləri bildirilir. Əsəd ailəsinin əvvəl bu ölkəyə köçməyi planlaşdırdığı, lakin naməlum səbəblərdən bu planın baş tutmadığı qeyd olunur.

Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin səhhətində problemlər yarandığı, Moskvada leykemiya ilə bağlı uzun müddət müalicə aldığı və hazırda vəziyyətinin nisbətən yaxşılaşdığı vurğulanır.

“The Guardian” nəşrinin iddiasına görə, “Rusiya girovu” adlandırılan Bəşər Əsəd baş verənlərlə bağlı mövqeyini açıqlamaq üçün mediaya müsahibə verməyi planlaşdırsa da, bu niyyətini təxirə salmalı olub. Bildirilir ki, Əsəd artıq bir müddətdir müsahibə vermək üçün Rusiya hakimiyyətinin və ehtimal ki, Vladimir Putinin şəxsi icazəsini gözləyir.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
115
reyting.az

1Mənbələr