AZ

Bu il 130 mindən çox əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə əhatə olunub VİDEO

Xaçmaz, 16 dekabr, Elxan Yusifli, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ümumilikdə 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən 1-i Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, 1-i ambulator reabilitasiya məntəqəsi – “RehaPoint”, 15-i isə reabilitasiya mərkəzidir. Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Xaçmaz Reabilitasiya Mərkəzi 14 çarpayılıq stasionar tutuma malikdir və burada vətəndaşlara, əlilliyi olan şəxslərə ambulator, stasionar, eyni zamanda, telereabilitasiya, səyyar və icmaəsaslı reabilitasiya xidmətləri təqdim olunur.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Nicat Abasbəyli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, cari ilin 11 ayı ərzində Xaçmaz Reabilitasiya Mərkəzində 5000-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.

Eyni zamanda, Xaçmazla yanaşı, ölkənin müxtəlif regionlarında – Lənkəran, Şirvan, Yevlax, Naftalan, Qəbələ, Şəmkir və Şəki şəhərlərində də eyni tipli reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Cari ilin 11 ayı ərzində həmin mərkəzlərdə, ümumilikdə, 130 mindən çox əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə əhatə olunub.

Nicat Abasbəyli qeyd edib ki, bu mərkəzlərdə reabilitasiya xidmətlərinin effektivliyinin artırılması məqsədilə kompleks yanaşma tətbiq edilir. Ənənəvi reabilitasiya üsulları ilə yanaşı, beynəlxalq təcrübədə effektivliyi sübut olunmuş müasir və alternativ metodlardan da istifadə olunur. Bunlara yoqa terapiyası, art-terapiya, hipoterapiya (atla müalicə) və rəqs terapiyası kimi xidmətləri nümunə göstərmək olar.

"Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması məqsədilə cari ildə yeni “RehaBus” nəqliyyat xətti istifadəyə verilib. Bu xidmət çərçivəsində Gəncə və Şəmkir regionlarında yaşayan, nəqliyyat problemi olan əlilliyi olan şəxslər müəyyən edilmiş dayanacaqlardan götürülərək Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır. Reabilitasiya xidməti müddətində avtobus mərkəzdə gözləyir və xidmət başa çatdıqdan sonra vətəndaşların yenidən əvvəlki məntəqələrə təhlükəsiz şəkildə geri qaytarılması təmin edilir. Hazırda iki istiqamət üzrə “RehaBus” xətti fəaliyyət göstərir.

2026-cı il üçün əsas hədəflərimiz reabilitasiya xidmətlərinin əlçatanlığının daha da artırılması, beynəlxalq təcrübənin mütəmadi şəkildə araşdırılması və ən yaxşı təcrübələrin reabilitasiya mərkəzlərində tətbiqidir. Eyni zamanda, infrastrukturun təkmilləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ildə də ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", - deyə şöbə müdiri söyləyib.

Seçilən
116
50
azertag.az

10Mənbələr