
"2025-ci ilin sonuna yaxın qlobal maliyyə sistemində tarixi baxımdan ən yüksək borc yükü formalaşıb. Beynəlxalq maliyyə təsisatlarının açıqladığı məlumatlara əsasən, qlobal borcun həcmi təxminən 346 trilyon ABŞ dollarına çatıb. Bu borcun təxminən 38 trilyon dolları təkcə ABŞ-ın payına düşür. Mövcud göstəricilər qlobal borcun dünya üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 300 faizindən çox olduğunu göstərir ki, bu da beynəlxalq iqtisadi mühitdə risklərin artdığını açıq şəkildə ortaya qoyur".
Növbəti ilin maliyyə göstəriciləri haqqında iqtisadçı ekspert Eldəniz Əmirov Missiya.Az-a danışıb.
"Lakin əsas təhlükə borcun həcminin böyüklüyündən daha çox, onun yenidən maliyyələşdirilməsi prosesində yaranır. Xüsusilə 2026–2027-ci illərdə dövlətlərin və korporasiyaların trilyonlarla dollar dəyərində olan borclarını hansı şərtlərlə və hansı maliyyə alətləri vasitəsilə yenidən maliyyələşdirəcəyi ciddi suallar doğurur. Bu vəziyyət bir çox ölkələr üçün “borc bataqlığından” çıxış yolları ilə bağlı qeyri-müəyyənliyi daha da artırır",-iqtisadçı bildirib.
Ekspertin sözlərinə görə, qarşıdakı dövrdə faiz dərəcələrinin mərhələli şəkildə enəcəyi gözlənilsə də, qlobal maliyyə bazarlarının bu gözləntilərə hələlik adekvat reaksiya vermədiyi müşahidə olunur. Görünür, faizlər bazarların balansı bərpa etməsi üçün hələ kifayət qədər aşağı səviyyəyə enməyib. Əgər faiz dərəcələrinin azalması gecikərsə, bankların balansında olan istiqrazların dəyər itkisi artacaq, şirkətlərin defolt riski yüksələcək və maliyyə bazarlarında volatillik daha da güclənəcək. Bu isə ümumilikdə investisiya mühiti üçün arzuolunan ssenari deyil.
"Digər tərəfdən, siyasi faktorlar da iqtisadi gözləntilərə ciddi təsir göstərir. Xüsusilə ABŞ-ın həyata keçirdiyi sərt tarif siyasəti qlobal iqtisadi proseslərə, investisiya mühitinə, bank sektoruna və maliyyə bazarlarına birbaşa təsir edir. Media qurumları və beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən mənfi proqnozlar və riskli ssenarilər hər zaman mövcud olsa da, hazırkı mərhələdə dünya iqtisadiyyatını yaxın perspektivdə dərin və sistemli bir böhranın gözlədiyi ehtimalı yüksək qiymətləndirilmir",- E. Əmirov əlavə edib.
İlahə Qənbərli
Missiya.Az