Xocavənd, 16 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün növbəti köç karvanı ilə Sos kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd rayonu Sos kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr sevinclə açarları qəbul edərək, öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Sos kəndinə 21 ailə olmaqla 94 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Köçürülən ailələrin evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb.
14:20
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Sos kəndinə növbəti köç prosesi gerçəkləşib. Yola salınan ailələr doğma yurdlarına qovuşublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sos kəndi bugün 21 ailə olmaqla, ümumilikdə 94 nəfərə qucaq açıb. Yaşayış məntəqəsində sakinlərin məskunlaşmaları üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya infrastrukturu bərpa edilib.
Kəndə qədəm qoyan ailələr doğma yurda qovuşmağı sevinc göz yaşları ilə qarşılayıb və yaradılan gözəlliyi seyr ediblər.
Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.