Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Böyük Britaniyanın ictimai yayım qurumu olan BBC-yə qarşı 10 milyard dollar məbləğində təzminat iddiası qaldırıb.
"Cebheinfo.az" xəbər verir ki, Trampın vəkilləri tərəfindən Florida Cənub Dairə Federal Məhkəməsinə təqdim olunan iddia ərizəsində bildirilir ki, “BBC”-nin yayımladığı sənədli filmdə Trampa aid bəyanatlar kontekstdən çıxarılaraq birləşdirilib və bu, “yanıldıcı və böhtan xarakterli” bir təsvir yaradıb.
Ərizədə qeyd olunur ki, “BBC” Trampın Konqres basqınından əvvəlki çıxışından “Konqresə yürüyün” və “sonuna qədər mübarizə aparın” ifadələrini ön plana çıxarıb, lakin tərəfdarlarına “sülh yolu ilə etiraz edin” çağırışı etdiyi hissələri yayımdan çıxarıb.
Trampın “BBC”-yə qarşı böhtan ittihamı ilə 5 milyard dollar, Florida ştatının ticarət qanunlarının pozulması səbəbi ilə isə əlavə 5 milyard dollar olmaqla ümumilikdə 10 milyard dollar təzminat tələb etdiyi bildirilib.
Tramp 15 dekabr bazar ertəsi günü Oval Ofisdə jurnalistlərə verdiyi açıqlamada, “BBC”-nin “ağzından çıxmayan sözləri ona aidmiş kimi göstərdiyini” iddia edib.
“BBC News”-un “Panorama” proqramında 28 oktyabr 2024-cü ildə yayımlanan “Tramp: İkinci bir şans?” adlı sənədli filmdə Trampın 2021-ci ildə Konqres basqınından əvvəl etdiyi iki fərqli çıxış yer alıb.
Hadisə ilə bağlı “BBC” İdarə Heyətinə təqdim olunan 19 səhifəlik hesabatla məsələ üzə çıxıb. Montajın aşkara çıxmasından sonra “BBC”-nin Baş direktoru Tim Davie və Xəbərlər Departamentinin rəhbəri Deborah Turness istefa veriblər.
“BBC” Trampın çıxışında montaj edildiyinə görə üzr istəsə də, Trampın təzminat tələbini qəbul etməyəcəyini açıqlayıb.