AZ

“Sony”dən unikal yenilik  

“Sony Honda Mobility” şirkətinin “Afeela 1” elektrik avtomobili rəqəmsal nömrə nişanı təklif edən ilk elektr nəqliyyat vasitəsi olacaq. Bu texnologiya sürücülərə nömrə nişanını mobil proqram vasitəsilə fərdiləşdirməyə imkan verəcək. Şirkət bu yenilik üçün “Reviver” ilə tərəfdaşlıq edir.

“Rplate” adlı texnologiya avtomobil sahiblərinə bir sıra fərdiləşdirmə və funksiyalar təklif edir. İstifadəçilər mobil tətbiq vasitəsilə nömrə nişanının fon rəngini ağ və ya qara arasında dəyişdirə bilərlər. Həmçinin, nömrənin aşağı hissəsinə müxtəlif şriftlərlə sosial şəbəkə adları, şüarlar və ya qısa mesajlar əlavə etmək mümkündür. Rəqəmsal nömrə nişanı batareya ilə işləyən, yüksək keyfiyyətli monoxrom displeydir. O, “Bluetooth” və LTE bağlantısı, GPS və oğurluğa qarşı funksiyalarla təchiz olunub.

Yeni texnologiya qeydiyyatın yenilənməsi və ya avtomobilin oğurlandığı barədə xəbərdarlıqlar kimi məlumatları da göstərə bilər. Rəqəmsal nömrə nişanları “Afeela 1” üçün rəsmi bir aksesuar kimi təklif olunacaq, lakin onların istifadəsi müxtəlif ABŞ ştatlarının qanunvericiliyinə tabedir.

Avtomobilin 2026-cı ildə Şimali Amerikada tədarükünə başlanması planlaşdırılır.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
129
azerbaijan-news.az

1Mənbələr