"Müasir dövrdə əmək yalnız səmərəli deyil, eyni zamanda təhlükəsiz olmalıdır. İnsan həyatının və sağlamlığının qorunması dövlət siyasətinin prioritetidir. Təklif olunan dəyişikliklər məhz risklərin qarşısının alınmasına, profilaktik yanaşmanın gücləndirilməsinə xidmət edir".
Redaktor.az xəbər verir ki, bunu deputat Nigar Məmmədova Milli Məclisdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna dəyişkiliklər layihəsinin müzakirəsi zamanı bildirdi.
Onun sözlərinə görə, bu baxımdan əməyin mühafizəsi üzrə mühəndisin tətbiqi xüsusi əhəmiyyət kəsb edir:
"Bu, əmək şəraitinə peşəkar nəzarətin təmin edilməsi, təhlükəsizlik normalarına əməl olunması və mümkün pozuntuların vaxtında aşkar edilməsi deməkdir. Belə bir mütəxəssisin mövcudluğu istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin azalmasına, nəticə etibarilə isə işçilərin sağlamlığının real qorunmasına xidmət edəcək.
İkinci mühüm istiqamət isə rəqəmsallaşmadır. Əmək və inzibati proseslərdə rəqəmsal alətlərin tətbiqi şəffaflığın artırılmasına, prosedurların sadələşdirilməsinə və artıq bürokratik maneələrin aradan qaldırılmasına imkan verir. Rəqəmsallaşma işçilərin hüquqlarının daha effektiv qorunmasına işəgötürən üçün aydın qaydaların formalaşmasına və dövlət idarəçiliyinin müasir tələblərə uyğun qurulmasına xidmət edir.
Qanun layihəsi hamilə qadınların və azyaşlı uşağı olan qadınların öz müraciətləri əsasında yüngülləşdirilmiş iş rejimindən istifadə etmək hüququnu təsbit edir. Bu, qadınlara peşə fəaliyyətini ailə və uşağa qayğı ilə uzlaşdırmaq imkanı yaradır və onların əmək hüquqlarının qorunmasını təmin edir.
Eyni zamanda, üç yaşınadək uşağı olan qadının işdən azad edilməsinin qadağan olunması və bu qadağanın pozulmasına görə işəgötürənin məsuliyyət daşıması son dərəcə prinsipial bir normadır. Bu qadına həyatının ən həssas dövründə sabitlik və sosial müdafiə hissi verir. Əslində bu dəyişikliklər cəmiyyətə açıq bir mesaj verir - analıq, sosial rifah və əmək hüquqları dövlətin ən ali dəyərlərindən biridir".
Aminə ŞAHSUVARQIZI