AZ

Mario İkardi növbəti mövsüm La Liqada - İddia

"Qalatasaray"la müqaviləsinin müddəti qarşıdakı yayda başa çatacaq və klubdakı gələcəyi hələ də qeyri-müəyyən olan Mauro İkardinin La Liqaya mümkün transferi gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, "Barselona" akademiyasının yetirməsi olan Mauro İkardinin karyerasını İspaniyada davam etdirmək istədiyi iddia olunur.

"Qalatasaray"ın ulduzunun gələcəyi ilə bağlı iddia Argentinanın "Radio Mitre" radiosunda səsləndirilib. Proqramda 32 yaşlı argentinalı hücumçunun müqaviləsinin müddəti bitdikdən sonra "sarı-qırmızılar"dan ayrılacağı, karyerasını İspaniyada davam etdirmək istədiyi bildirilib. Həmçinin İkardinin menecerinin artıq iki La Liqa klubu – "Elçe" və "Real Ovyedo" ilə əlaqə saxladığı iddia olunur.

Verilişdə İkardinin karyerasını İspaniyada davam etdirmək istəməsinin əsas səbəbinin sevgilisi Çino Suares olduğu da qeyd edilib. Argentinalı futbolçunun aktrisaya aşiq olduğu və karyerasının sonrakı mərhələsində sevgilisinin istəklərini ön planda tutacağı vurğulanıb.

Qeyd edək ki, 2022-ci ildən transfer olunduğu "Qalatasaray"da azarkeşlərin sevimlisinə çevrilən Mauro İkardinin adı transfer xəbərlərində tez-tez hallansa da, o, "sarı-qırmızılar"ın tarixinə düşməyə hazırlaşır. 2022/23 mövsümündən bəri "Qalatasaray" forması ilə Super Liqada ümumilikdə 59 qol vuran argentinalı hücumçu bu göstəricidə Georgi Haci ilə eyni səviyyəyə yüksəlib və “Cim Bom”un liqada ən çox qol vuran iki əcnəbi futbolçusundan biri olub.

İkardi bütün turnirlərdə daha 3 qol vuracağı təqdirdə rumıniyalı əfsanəni bu statistikada geridə qoyacaq və adını "Qalatasaray" tarixinə qızıl hərflərlə yazdıracaq.

Seçilən
87
1
fanat.az

2Mənbələr