Dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verilməsi mümkün olacaq.
"Unikal" xəbər verir ki, bu məsələ Milli Məclisinin bugünkü plenar iclasında müzakirə olunan "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verildikdə ona orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.
Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəl dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdan bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Anar Kəlbiyev