AZ

Sənədsiz evlərdə yaşayan ailələrə minimum kommunal xidmət təmin edilə bilər

Milli Məclisin deputatı Razi Nurullayev Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında çıxış edərək, kənd yerlərində illərdir məskunlaşmış, lakin mülkiyyət sənədi olmayan ailələrin problemlərinə diqqət çəkib.

"Operativ Məlumat Mərkəzi-OMM" Deputat bildirib ki, söhbət qeyri-qanuni tikililərdən yox, uzun illər yaşayış olan evlərdən gedir və çox vaxt qaz boruları həmin evlərin önündən keçir:

“Qaz da var, boru da, amma vətəndaşa deyilir ki, kupça al, evin qeydiyyat sənədini gətir. Kənd yerində yaşayan, aşağı gəlirli ailə üçün kupça həm baha, həm də mürəkkəb prosesdir. Aylarla davam edən sənədləşmə insanları bezdirir və nəticədə onlar bu prosesi tamamlamaqdan imtina edirlər”.

Razi Nurullayev vurğulayıb ki, bu məsələ təkcə sosial problem deyil, insan ləyaqətinə toxunan ciddi bir məsələyə çevrilib. Deputat qeyd edib ki, hazırda Dövlət reyestri və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunlara dəyişikliklərdə müəyyən sosial kateqoriyalar – şəhid ailələri, müharibə əlilləri, veteranlar və sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün rüsumlardan azad olunma və güzəştlər nəzərdə tutulur ki, bu yanaşma dəstəklənməlidir.

Eyni zamanda, deputat kənd yerlərində yaşayan və bu kateqoriyalara daxil olmayan minlərlə aşağı gəlirli ailənin mövcud mexanizmlərdən kənarda qaldığını qeyd edib:

“Əgər dövlət müəyyən ailələr üçün sənədləşmə prosesində sosial ədaləti əsas götürürsə, eyni prinsip sənədsiz, lakin yaşayış faktı olan evlər üçün də tətbiq edilməlidir. Təklif edirəm ki, yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən təsdiqlənmiş fərdi yaşayış evlərinə minimum kommunal xidmətlər – xüsusən qaz və elektrik – müvəqqəti əsasla təmin edilsin və paralel olaraq sadələşdirilmiş sənədləşmə mexanizmi tətbiq olunsun”.

Deputat çıxışını qeyd edib ki, qaz və istilik lüks deyil, bu insanın yaşamaq üçün ən elementar ehtiyacıdır:

“Əgər boru evin önündən keçir, amma uşaq soyuqda qalırsa, problem vətəndaşda deyil, sistemdədir. Qanunlar insanlar üçün qəbul edilir və bu məsələ də həmin prinsiplə həll olunmalıdır”.

Afət ZİYADQIZI

Seçilən
64
4
operativmm.az

10Mənbələr