AZ

Ermənistan Aİ-dən yardım istəyir: səbəblər və siyasi kontekst

Son günlər Ermənistanın “xarici müdaxilələrin qarşısının alınması” adı altında Avropa İttifaqına müraciəti regional və beynəlxalq müstəvidə diqqət çəkib. Rəsmi İrəvanın bu addımı ölkə daxilindəki siyasi proseslər və xarici siyasət balansı fonunda müxtəlif şərhlərə səbəb olur. Məsələ ilə bağlı ortaya çıxan yanaşmalar müraciətin arxasında dayanan əsas motivləri ön plana çıxarır.

Bununla bağlı politoloq Züriyə Qarayeva öz fikirlərini News365.az-a şərh edib. 

Onun sözlərinə görə, Ermənistanın “xarici müdaxilələrin qarşısının alınması” mövzusunda Avropa İttifaqından yardım istəməsi ilk növbədə daxili siyasi zəiflik və legitimlik problemi ilə bağlıdır:


"Hakimiyyət ölkə daxilində artan ictimai narazılıqları, müxalifətin radikallaşan ritorikasını və institusional sabitliyin zəifləməsini təkcə daxili faktorlarla izah etməkdə çətinlik çəkir və bu prosesi “xarici təsir” narrativi ilə çərçivələməyə çalışır. Bu yanaşma bir tərəfdən daxili siyasi məsuliyyəti qismən kənara ötürmək, digər tərəfdən isə Qərbin siyasi və texniki dəstəyini legitimləşdirmək məqsədi daşıyır. Avropa İttifaqı bu kontekstdə Ermənistan üçün həm təhlükəsizlik zəmanəti olmasa da, siyasi himayə və beynəlxalq dəstək mənbəyi kimi təqdim olunur.

Digər tərəfdən, bu müraciət Ermənistanın Rusiya ilə münasibətlərində artan etimadsızlığın və strateji boşluğun göstəricisidir. İrəvan anlayır ki, ənənəvi təhlükəsizlik arxitekturası artıq onun maraqlarını tam təmin etmir və bu səbəbdən Qərbə doğru daha açıq siqnallar göndərir. “Xarici müdaxilə” anlayışının konkret adresinin açıq şəkildə göstərilməməsi isə diplomatik manevr üçün saxlanılan bir alətdir: həm Rusiya ilə münasibətləri tam qoparmamaq, həm də Avropa strukturlarını prosesə cəlb etmək cəhdi. Nəticə etibarilə, Ermənistanın Aİ-yə müraciəti real təhlükəsizlik risklərindən daha çox, geosiyasi orientasiya axtarışının və daxili siyasi qeyri-sabitliyin məhsulu kimi qiymətləndirilə bilər.

Seçilən
82
news365.az

1Mənbələr