Məlum olduğu kimi, Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Ən çox verilən suallar sırasında aktın barəsində hələ hökm qərarı çıxarılmayan şəxslərə də aid edilib-edilməyəcəyidir?
Bu barədə Pravda.az-a açıqlama verən "Nota Bene Consulting" MMC-nin direktoru, vəkil Roman Qaraşov deyib ki, amnistiya cinayət hüququnda dövlətin humanizm prinsipinin təzahürü olan, ümumi xarakterli normativ-hüquqi aktdır.

Onun sözlərinə görə, amnistiya anlayışı etimoloji baxımdan yunan mənşəli olub “unutmaq”, “bağışlamaq” mənasını ifadə edir. Hüquqi mahiyyətinə görə, amnistiya fərdi qaydada deyil, şəxslərin konkret adları göstərilmədən müəyyən kateqoriyalar üzrə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunur. Həmin Məcəllənin 81.2-ci maddəsinə uyğun olaraq amnistiya aktı ilə cinayət törətmiş şəxslər cinayət məsuliyyətindən azad edilə, cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan tam və ya qismən azad edilə, onlara təyin edilmiş cəzanın müddəti azaldıla, cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə əlavə cəzalardan azad edilə bilərlər. Bundan əlavə, amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğunun götürülməsi də mümkündür. Azərbaycan Respublikasının qüvvədə olan konstitusion və cinayət-hüquqi normalarının sistemli təhlili göstərir ki, amnistiya aktı yalnız barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə minmiş şəxslərə deyil, eyni zamanda hökm oxunmamış, lakin cinayət əməli törətmiş şəxslərə də şamil oluna bilər. Cinayət Məcəlləsinin 81.2-ci maddəsində istifadə edilən “cinayət törətmiş şəxslər” anlayışı hüquqi baxımdan yalnız məhkumları deyil, həm də istintaq mərhələsində olan, cinayət işi məhkəmədə baxılan, lakin barəsində ittiham hökmü çıxarılmamış şəxsləri əhatə edir. Belə hallarda amnistiya cinayət məsuliyyətindən azadetmə institutu kimi çıxış edir və müvafiq cinayət təqibinə xitam verilməsi ilə nəticələnir. Bu da amnistiyanın yalnız cəzaçəkmə mərhələsində olan şəxslərlə məhdudlaşmadığını, daha geniş hüquqi tətbiq sahəsinə malik olduğunu təsdiq edir. Eyni zamanda qeyd edilməlidir ki, Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq isə amnistiya elan edilməsi Azərbaycan Respublikası Milli Məclisinin müstəsna səlahiyyətinə daxildir. Prezident tərəfindən irəli sürülən təşəbbüs əsasında Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktları ümumi hüquqi qüvvəyə malik olmaqla, qanunda göstərilən meyar və kateqoriyalara uyğun gələn bütün şəxslərə şamil edilir. Beləliklə, mövcud qanunvericilik amnistiyanın hökm oxunmamış şəxslərə tətbiqini istisna etmir və bu hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsində açıq və birmənalı şəkildə hüquqi təsbitini tapmışdır”.
Aytəkin Qardaşova