Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib.
Publika.az xəbər verir ki, dekabrın 15-i Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi, UNESCO yanında Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun Mənzil-qərargahında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində Fond tərəfindən nəşr olunmuş “Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçıvani – 900” adlı kitabın rəsmi təqdimatı baş tutub, eyni zamanda dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil olunub. Kitab oxuculara 3 dildə (azərbaycan, rus, ingilis dili) təqdim olunub.
Tədbirin məqsədi Memar Əcəmi Naxçıvaninin dünya memarlıq tarixindəki müstəsna yerini, Azərbaycan memarlıq məktəbinin universal dəyərini və Türk dünyasının mədəni irsə verdiyi töhfəni beynəlxalq auditoriyaya bir daha nümayiş etdirmək olub.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirin 15 dekabr — Ümümdünya Türk Dili Ailəsi Günü ilə əlaqədar keçirildiyini qeyd edərək, bunun rəmzi əhəmiyyətini vurğulayıb. O, Əcəmi Naxçıvaninin yaradıcılığını Türk dünyasının intellektual və mənəvi irsinin parlaq təcəssümü kimi yüksək qiymətləndirib, onun memarlıq əsərlərinin yüksək texniki ustalığı, fəlsəfi dərinliyi və mədəni kimliyi özündə birləşdirdiyini bildirib. Həmçinin yubiley tədbirinin UNESCO çərçivəsində keçirilməsinin bu irsin dəyərinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyən məqam kimi qeyd edilib.