AZ

Uşaqlar "ChatGPT"dən istifadə etməlidirmi? - Psixoloqdan açıqlama

Müasir dövrdə süni intellekt texnologiyalarının sürətlə inkişafı uşaqların da bu vasitələrdən geniş istifadə etməsinə şərait yaradıb. Xüsusilə "ChatGPT" kimi proqramların uşaqlar tərəfindən istifadəsi cəmiyyətdə müəyyən narahatlıqlara səbəb olur. Bu texnologiyalar bir tərəfdən öyrənməni asanlaşdırsa da, digər tərəfdən uşaqların müstəqil düşünmə bacarıqlarına və informasiya təhlükəsizliyinə təsir göstərə bilər. Buna görə də uşaqların "ChatGPT"dən istifadəsinə diqqətlə yanaşmaq vacib hesab olunur.

Mövzu ilə bağlı Missiya.Az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, bu mövzuya birmənalı “doğrudur” və ya “yanlışdır” demək düzgün olmaz:

"Uşaqların "ChatGPT" kimi süni intellekt alətlərindən istifadəsi necə və hansı məqsədlə istifadə olunmasından birbaşa asılıdır. Düzgün istiqamətləndirildiyi halda bu cür texnologiyalar uşaqların öyrənmə prosesinə müsbət təsir göstərə bilər. Məsələn, sual vermək, mövzunu daha sadə dildə anlamaq, tapşırıqlara alternativ baxış bucaqları əldə etmək uşağın idrak marağını, analitik düşünməsini və öyrənməyə motivasiyasını artıra bilər. Xüsusilə məlumat axtarışı və strukturlaşdırma bacarıqları formalaşa bilər. Bu baxımdan "ChatGPT"ni “müasir ensiklopediya” və ya “köməkçi alət” kimi dəyərləndirmək olar",- deyə psixoloq qeyd edib.

Psixoloq vurğulayıb ki, amma nəzarətsiz və məqsədsiz istifadə psixoloji risklər yarada bilər:

"Uşaq hazır cavaba öyrəşdikcə müstəqil düşünmə, problem həll etmə və yaradıcılıq bacarıqları zəifləyə bilər. Həmçinin bəzi uşaqlarda texnologiyaya həddindən artıq bağlılıq, diqqət dağınıqlığı və real ünsiyyətdən uzaqlaşma müşahidə oluna bilər. Əgər uşaq süni intellekti müəllim və valideyn əvəzi kimi görməyə başlayırsa, bu artıq sağlam inkişaf üçün təhlükəli siqnaldır".

E.Rüstəmovun sözlərinə görə, psixoloji baxımdan əsas məsələ balansdır:

"Uşaq bilməlidir ki, "ChatGPT" düşünən, hiss edən və qərar verən bir varlıq deyil, sadəcə alqoritmdir. Valideynlər və müəllimlər bu alətdən istifadəyə çərçivə qoymalı, onu öyrənməni asanlaşdıran vasitə kimi təqdim etməli, amma düşünmə məsuliyyətini uşağın öz üzərindən götürməməlidirlər. Ən sağlam yanaşma texnologiyanı qadağan etmək yox, psixoloji və pedaqoji nəzarətlə inteqrasiya etməkdir. Nəticə etibarilə, ChatGPT uşaqlar üçün nə “xilaskar”, nə də “təhlükə”dir. O, düzgün istifadə olunarsa inkişafı dəstəkləyən, yanlış istifadə olunarsa psixoloji passivlik yaradan bir vasitədir. Burada həlledici faktor texnologiya yox, böyüklərin yanaşması və uşağa verilən psixoloji yönləndirmədir",- deyə Elnur Rüstəmov əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
89
missiya.az

1Mənbələr