Polşanın baş naziri Donald Tusk Avropa liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığından sonra Vaşinqtonun Ukraynaya hərbi təhlükəsizlik zəmanəti verməyi planlaşdırdığını açıqlayıb.
Editor.az Onet xəbər agentliyinə istinadən xəbər verir ki, Tusk bu barədə jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Bunu ilk dəfə olaraq amerikalı müzakirəçilərin dilindən eşitdim. Cənab Stiv Vitkoff açıq şəkildə bəyan etdi ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verəcək. Məqsəd Rusiyanın ABŞ-ın mümkün cavabının hərbi xarakter daşıyacağına dair heç bir şübhəsinin qalmamasıdır”, – deyə Polşanın baş naziri qeyd edib.
Xatırladaq ki, daha əvvəl Avropa liderləri Berlində keçirilən görüşlərin ardından Ukrayna üçün təhlükəsizlik zəmanətlərini əhatə edən birgə bəyanat yayıblar. Sənəddə Avropa İttifaqının Ukraynanın ordusunu gücləndirmək məqsədilə davamlı və əhəmiyyətli dəstək göstərməyə davam edəcəyi vurğulanıb. Bildirilib ki, əsas hədəf sülh şəraitində 800 min nəfərlik hərbi qüvvənin saxlanılmasıdır.
//Gülnarə Abasova, Editor.az