Ali Məhkəmədə xuliqanlıqda ittiham edilən İxtiyar Babazadə və Qulam Əbdülovun (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 23 iyul 2023-cü il tarixdə, saat 00:15 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən “Səhər mehi” restoranının həyətində keçirilən ad günü məclisində qeydə alınıb.
Belə ki, həmin ad günü məclisində iştirak edən D.D. (adı, soyadı şərtidir) yaxın münasibətdə olduğu İxtiyar Babazadə və Qulam Əbdülov və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qonaq qismində məclisdə olarkən, orada iştirak edən zərərçəkmiş H.H. (adı, soyadı şərtidir) ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb.
Mübahisəyə səbəb kimi zərərçəkmiş şəxsin yanında əyləşmiş B.B.-nin (adı, soyadı şərtidir) ünvanladığı “niyə qoca kişinin yanında oturmusan” ifadəsi göstərilib. Bundan sonra onlar bir qrup halında birləşərək ictimai yer olan restoranın həyətyanı sahəsində ictimai qaydanı kobud şəkildə pozublar. D.D. xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə əvvəlcə yumruqla üz nahiyəsindən zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sağlamlığın uzun müddət pozulmasına səbəb olan, hər iki burun dəliyində tənəffüsün məhdudlaşması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı, burnun əzilməsi və əzilmiş yara kimi sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilib.
Daha sonra qrupun digər üzvləri – İxtiyar Babazadə və Qulam Əbdülov və şəxsiyyəti istintaqa məlum olmayan şəxslər də H.H-a fiziki zor tətbiq edərək onu əl və ayaq zərbələri ilə vurub yerə yıxıb, onun sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə İxtiyar Babazadə və Qulam Əbdülovun hər biri 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətləri təmin edilməyib.
Kamal Məmmədov