AZ

Azərbaycanda baş nazirin sabiq 1-ci müavini axtarışa verildi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Banker.az xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.

A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.

2012-ci ildə yaradılmış, “Milyarderlər İttifaqı” adı ilə tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub.

Azərbaycanda 2013-cü ilin əvvəlində formalaşdırılmış “Milli Şura”nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun rəhbərliyi altında “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü olub.

Hərçənd, 2012-ci ildə “Milyarderlər İttifaqı”nın yaradılmasının Azərbaycanda siyasi proseslərə təsir məqsədi daşıdığı ilə bağlı iddialar irəli sürülsə də, bu ittihamlar təkzib edilmişdi. 2013-cü il hadisələri isə geniş ictimaiyyətə məlumdur.

Təsadüfi deyil ki, əvvəllər mütəmadi olaraq Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlindən etibarən ölkəyə səfərlərini dayandırıb.

Əldə edilən məlumatlara əsasən, qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin dövrdə aparılan danışıqlara dair audio-video materiallar, ölkə xaricində keçirilmiş görüşlərə və Azərbaycanda konstitusion dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair digər sübutlar cinayət işinə əlavə edilib və açıq məhkəmə baxışında ictimailəşdiriləcək.

Seçilən
19
49
banker.az

10Mənbələr