"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bir qayda olaraq dövlətimiz və xalqımız üçün əlamətdar günlərdə əfv sərəncamı imzalamaqla, ammistiya aktı təşəbbüsləri ilə çıxış etməklə minlərlə ailəyə sevinc bəxş edir, onlar üçün ikiqat bayram sevinci yaşadır. Bu günlərdə dövlət başçısının yenidən ammistiya aktı təşəbbüsü ilə çıxış etməsi bunun əyani sübutudur".
Newscenter. az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin ammistiya aktı təşəbbüsünə münasibət bildirərkən səsləndirib. Millət vəkili deyib ki, Ammistiya aktı Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyinin nümunəsidir:
"Ammistiya aktları Azərbaycan Respublikasında dövlətin humanist siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə qəbul edilən amnistiya qərarları cəmiyyətin sosial ədalət, mərhəmət və insan hüquqlarına hörmət prinsiplərinə əsaslandığını nümayiş etdirir. Bu aktlar yalnız hüquqi mexanizm deyil, eyni zamanda dövlətin vətəndaşlara ikinci şans vermək, onların islah olunmasına yönəlmiş siyasi iradənin ifadəsidir".
İlham Məmmədov bildirib ki, Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyi amnistiya aktlarının məzmununda və əhatə dairəsində aydın görünür:
"Bu addım sosial baxımdan həssas qruplara, az ağır cinayətlər törətmiş şəxslərə, eləcə də cəzaçəkmə müddətində müsbət davranışı ilə seçilən məhkumlara şamil olunur. Nəticədə minlərlə insan ailəsinə qovuşur, cəmiyyətə inteqrasiya üçün real imkan əldə edir.
Ammistiya aktları həm də cəmiyyətdə bağışlama və islah olunma mədəniyyətini gücləndirir".
Millət vəkilinin sözlərinə görə, dövlətin məqsədi cəzalandırmaqla yanaşı, insanı islah etmək, onun gələcəkdə qanuna hörmət edən və faydalı vətəndaş kimi formalaşmasına şərait yaratmaqdır. İlham Məmmədov deyib ki, bu yanaşma Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü siyasətin məntiqi davamıdır. Bu addım həm də Azərbaycan cəmiyyətində həmrəyliyin möhkəmlənməsinə, hüquqi dövlət quruculuğunun dərinləşməsinə və insan amilinin daim ön planda saxlanılmasına xidmət edir".
Süleyman