ABŞ-nin təşəbbüsü ilə Qəzza zolağında yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirmə missiyasında Azərbaycanın adı əsas namizədlər sırasında çəkilir.
"Yeni Sabah" xəbər verir ki, rəsmi Bakı ABŞ-dən belə bir dəvət aldığını təsdiqləsə də, hərbçilərin göndərilməsi ilə bağlı yekun qərarın hələ olmadığını.
Bu ehtiyatlı mövqe Azərbaycanın Yaxın Şərqdə artan diplomatik rolunu, eyni zamanda, qarşılaşdığı mürəkkəb hüquqi və təhlükəsizlik risklərini ön plana çıxarır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Azərbaycana Qəzzada sülhməramlı və ya “beynəlxalq sabitləşdirici qüvvə” formatında iştirakla bağlı müraciət edib.
Nazir vurğulayıb ki, Bakı bu dəvəti alan ilk ölkələrdən biridir və bunun səbəbi Azərbaycanın regionun əsas tərəfləri ilə balanslı münasibətlərə malik olmasıdır. Bununla belə, mandat, təhlükəsizlik zəmanətləri və missiyanın hüquqi çərçivəsi ilə bağlı suallar açıq qalır.
“Hələ sənəd və mandat yoxdur”
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, hazırkı mərhələdə Qəzza ilə bağlı müzakirələr daha çox siyasi-diplomatik səviyyədədir və konkret mexanizmlər hələ formalaşmayıb.
“Yeni Sabah”a müsahibəsində o bildirib ki, Qəzzada hər hansı sülhməramlı və ya sabitləşdirici missiyanın həyata keçirilməsi üçün ilk növbədə qəbul edən tərəflərin razılığı və aydın mandat olmalıdır. “Bu mandat həm hüquqi çərçivəni, həm də əməliyyatın konkret funksiyalarını müəyyən etməlidir”, - diplomat deyib.
T.Zülfüqarov vurğulayır ki, indiyə qədər beynəlxalq praktikada sülhməramlı qüvvələr, adətən, hansısa beynəlxalq təşkilatın bayrağı altında fəaliyyət göstərib.
“Ayrı-ayrı ölkələrin kontingentləri isə bu strukturun tərkibində köməkçi rol oynayıb. Hazırda Qəzza üzrə belə bir çərçivənin mövcudluğu aydın deyil”, - XİN-in sabiq rəhbəri əlavə edib.
Hüquqi qeyri-müəyyənlik və tərəflər problemi
Tofiq Zülfüqarovun diqqət çəkdiyi əsas problemlərdən biri münaqişənin hüquqi qeyri-müəyyənliyidir. Onun fikrincə, Qəzza yalnız coğrafi anlayış deyil.

“Burada əsas sual münaqişənin tərəflərinin kimliyidir. İsrail danışıqları Fələstin Administrasiyası ilə apara bilər. Amma Qəzzada faktiki hakimiyyətdə olan HƏMAS nə İsraili, nə də Fələstin Administrasiyasını tanıyır. Bu isə hüquqi baxımdan son dərəcə mürəkkəb və qeyri-müəyyən vəziyyət yaradır”, – deyə o bildirir.
Sülhməramlı qüvvələrin konkret vəzifələrinin nə olacağı aydın müəyyənləşdirilmədən bölgəyə hərbi kontingentin göndərilməsi risklidir. T.Zülfüqarov qeyd edir ki, Azərbaycan sülhə töhfə verməyə siyasi iradə nümayiş etdirir, lakin əsgərlərin göndərilməsi yalnız vəzifələrin, səlahiyyətlərin və təhlükəsizlik mexanizmlərinin tam aydın olduğu halda mümkündür.
Niyə məhz Azərbaycan?
Qərb mənbələrinin və beynəlxalq medianın qiymətləndirmələrinə görə, Azərbaycan Qəzza kimi yüksək riskli və siyasi baxımdan həssas bölgə üçün “uyğun” aktor hesab olunur.
Tofiq Zülfüqarov bu marağın səbəbini Azərbaycanın unikal mövqeyi ilə izah edir.
“Azərbaycan həm müsəlman ölkəsidir, həm də İslam Əməkdaşlıq Təşkilatında nüfuza və geniş əlaqələrə malikdir. Eyni zamanda, İsraillə etibarlı və sabit münasibətlər qurub. Bu baxımdan, Azərbaycan unikal təcrübəyə sahibdir.
İsrail də Azərbaycana etibar edir, İslam ölkələri də. Dünyada bu qədər potensial imkanları birləşdirən ölkələrin sayı çox deyil. Azərbaycan həmin ölkələr sırasındadır. Demək istəməzdim ki, biz yeganə ölkəyik, lakin bu, həqiqətən də unikal bir vəziyyətdir”, - Tofiq Zülfüqarov saytımıza müsahibəsində deyib.
Sülhməramlı təcrübə və təhlükəsizlik riskləri
Azərbaycanın Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı missiyalarda iştirakı ölkəyə praktiki təcrübə qazandırıb. Azərbaycan kontingenti həmin missiyalar zamanı NATO komandanlığı altında fəaliyyət göstərib və bu, Bakının beynəlxalq təhlükəsizlik təşəbbüslərində etibarlı tərəfdaş kimi qəbul olunmasına təsir edib.

Bununla belə, rəsmi Bakının mövqeyi açıq şəkildə ehtiyatlıdır. Əsas risk Qəzzada təhlükəsizlik vəziyyətinin davamlı olmamasıdır. Atəşkəs elan edilsə belə, onun uzunmüddətli olub-olmayacağı sual altındadır. Silahlı qrupların mövcudluğu və tərəflər arasında dərin etimadsızlıq sülhməramlı kontingent üçün ciddi təhlükə yarada bilər.
Digər mühüm məsələ hüquqi mexanizmlə bağlıdır. Azərbaycan qanunvericiliyinə əsasən, xarici ölkəyə sülhməramlı qüvvə göndərilməsi Milli Məclisin razılığı ilə mümkündür. Bu da qərarın tələsik deyil, mərhələli və ölçülüb-biçilmiş şəkildə qəbul olunacağını göstərir.
Qəzza məsələsi Azərbaycanın hərbi imkanlarından çox, diplomatik çəkisini və praqmatik qərarvermə qabiliyyətini sınağa çəkir. Tofiq Zülfüqarovun da vurğuladığı kimi, “əsas məsələ əsgər göndərməkdən daha çox, bu missiyada rəsmi Bakının vəzifəsinin nədən ibarət olmasıdır”.
Yekun qərarın verilməsi isə yalnız Bakının iradəsindən deyil, Qəzzada formalaşacaq real vəziyyətdən və təqdim ediləcək hüquqi və təhlükəsizlik təminatlarından asılı olacaq. Azərbaycanın bu prosesdə təmkinli davranması isə onun Yaxın Şərqdə balanslı və məsuliyyətli oyunçu kimi qalmaq niyyətini əks etdirir.
İlhamə Qasımlı
Telegram kanalımız