AZ

Mənzil bazarında ŞOK dələduzluq – Ev almazdan öncə…

Rusiyada baş verən hadisələr göstərir ki, yeni dələduzluq növləri inkişaf edir və oxşar halların baş verməsi mümkündür.

Belə ki, tanınmış müğənni Larisa Dolinanın ev satışında bəxti gətirməyib. Müğənni evini Polina Lurye adlı qadına satıb və pulu alıb, lakin vasitəçi-fırıldaqçılar alıcını aldadaraq, onun həm mənzildən, həm də ödədiyi vəsaitdən məhrum olmasına səbəb olublar. Məhkəmə nəticəsində Dolina mənzili geri alıb, amma Lurye ödədiyi 112 milyon rublu ala bilməyib.

Məhkəmə qərarına görə, müğənni məsuliyyət daşımır, alıcı isə vəsaitini yalnız fırıldaqçılardan tələb etməlidir. Lurye isə nəticədən narazı qalaraq işi Ali Məhkəməyə verib.

Bu hadisə Azərbaycanda da bir neçə nəfərə eyni mənzilin satılması riskinin mümkünlüyünü göstərir.

Hüquqşünaslar bildirirlər ki, bu cür hallar daha çox qeyri-rəsmi razılaşmalar, sənədləşmədə boşluqlar və diqqətsizlik nəticəsində baş verir.

Hüquqşünas İlqar Məmmədov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, alıcılar mənzil alarkən yalnız sözə və ya vasitəçilərə güvənməməli, rəsmi notariat qaydalarına uyğun sənədləşməni tələb etməlidirlər:

“Əmlakın hüquqi statusunu yoxlamaq, əvvəlki sahiblərin borc və ya məhkəmə yükümlülüklərinin olub-olmadığını araşdırmaq çox vacibdir.

Bir mənzilin bir neçə nəfərə satılması mümkündürsə, bunu yalnız notariat sistemi vasitəsilə aşkar etmək olar. Alıcılar həmçinin qeydiyyat sənədlərini və daşınmaz əmlakın reyestr məlumatlarını diqqətlə yoxlamalıdır.

Mənzil satışında iştirak edən bütün şəxslərin şəxsiyyət vəsiqələri, mülkiyyət hüquqları, əvvəlki əməliyyatlar və öhdəliklər mütləq notariat qaydasında təsdiqlənməlidir. Hər hansı sənəd saxtakarlıq əlaməti daşıyırsa, alıcı dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir”.

Ekspert bildirib ki, alıcılar həmçinin ödəmə prosesini rəsmi kanallardan keçirməli, nağd və ya vasitəçilər üzərindən əməliyyat etməməlidirlər:

“Bu tədbirlər mənzilin bir neçə nəfərə satılması və vəsaitin itirilməsi riskini xeyli azaltdı.

Azərbaycanda belə presedentlərin qarşısını almaq üçün yalnız qanuni notariat prosedurlarına riayət etmək və bütün sənədləri yoxlamaq kifayətdir”.

Seçilən
124
nocomment.az

1Mənbələr