AZ

Sidneydə silahlı terrorçunu zərərsizləşdirən miqrant: "Diqqət mərkəzində olmaq istəmirəm"

BAKI, 16 dekabr. TELEQRAF

Avstraliyada baş verən terror zamanı silahlı hücumçulardan birini zərərsizləşdirən Əhməd əl Əhməd ağır yaralansa da, etdiyinə görə peşman deyil.

Teleqraf xəbər verir ki, bu barədə yaralının miqrasiya üzrə vəkili Sem İssa məlumat verib.

"The Sydney Morning Herald" qəzetinin yazdığına görə, vəkil xəstəxanada Əhməd əl Əhmədi ziyarət etdikdən sonra onun vəziyyəti ilə bağlı açıqlama verib.

“Etdiyinə görə peşman deyil. Deyir ki, yenə edərdi. Amma artıq ağrılar onu ciddi şəkildə yormağa başlayıb”, – deyə vəkil bildirib.

Məlumata görə, 44 yaşlı Əhməd əl Əhməd Suriyadan 2006-cı ildə Avstraliyaya köçüb, 2022-ci ildə isə ölkə vətəndaşlığını alıb. Onun 5 və 6 yaşlı iki qızı var. Hücum zamanı o, silahlı şəxsin əlindən silahı alaraq faciənin daha da böyüməsinin qarşısını alıb.

Vəkilin sözlərinə görə, Əhməd əl Əhməd mediada diqqət mərkəzində olmaq istəmir:

“Əhməd çox təvazökar insandır. O, sadəcə insanlıq borcunu yerinə yetirdiyini düşünür. Avstraliyaya və bu cəmiyyətə minnətdardır. Burada yaşamaq və vətəndaşlıq almaq ona verilibsə, o da cəmiyyətin bir üzvü kimi üzərinə düşəni etməli olduğunu hiss edib”.

Qeyd edək ki, Sidneydə baş verən silahlı hücum nəticəsində 16 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Hadisəni törədən ata və oğul olub. Ata zərərsizləşdirilib, oğlu isə ağır yaralı halda saxlanılıb.

Seçilən
121
teleqraf.com

1Mənbələr