Sherg.az saytına istinadən ain.az xəbər verir.
Hacı Atif İsmayılov: “100 il əvvəlki düşüncə ilə bugünkü gəncə cavab vermək olmaz”
"Azərbaycandakı din xadimlərinin dini bilikləri qənaətbəxş deyil". Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. O qeyd edib ki, Azərbaycanda dini bilikləri geniş olan din xadimlərinə ehtiyac var: “Bundan əlavə, Azərbaycanda, eləcə də digər ölkələrdə dini radikalizmlə, xurafatla, məzhəbçiliklə mübarizədə məktəb mühüm rol oynayır. Təhsil dünyəvi xarakter daşıyır. Din yalnız şəriətdən ibarət deyil. Dinin mədəniyyət və mənəviyyat tərəfi var. Bu məqamda təhsilin böyük rolu var”. Qeyd edək ki, konfrans Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Din xadimlərimizin bilikləri niyə qənaətbəxş deyil? Sovet hakimiyyəti illərində din tədrisinə və din xadimlərinin biliklərini artırmasına imkan olmadığı bəllidir. 30 ildən artıq bir müddətdə müstəqil, suveren dövlət olan Azərbaycanda din xadmlərinin biliklərinin hələ də yetərsiz olması nəylə bağlıdır? Ölkədə din sahəsində 2 qurum fəaliyyət göstərir. Biri ictimai, digəri dövlətə bağlı. İlahiyyat fakültəsi var, İlahiyyat İnstitutu var. İslam Universiteti də vardı. O zaman niyə din xadimlərimizin bilikləri qənaətbəxş deyil?
İlahiyyatçı Hacı Atif İsmayılov Sherg.az-a açıqlamasında qeyd etdi ki, din xadimlərinin biliklərinin zəif olmasının bir çox amilləri var: 
- Amillərdən biri budur ki, təqlidçi bilik, tədqiqatçı bilikdən üstün tutulur. Məsələn, hazır mətnlər əzbərlənir, onunla cəmiyyətə xitab edilir, amma analiz edilmir, üzərində yenidən düşünülmür. Halbuki dinimizin təməli insanları düşünməyə, təfəkkür etməyə, tədqiqatçı bilikdən istifadə etməyə üstünlük verir. Dini biliklərin zəif olmasının səbəbi təqlidçi biliyin təqdim olunmasıdır. Digər amil zamanın suallarına cavab verə bilməməkdir. Cəmiyyət dəyişir, insanların sosial durumu, yaşayış tərzi dəyişir və suallar da meydana çıxır. İslam qiyamətə qədər aktiv dindir. Zamanın, mövcud şəraitin mənəvi-psixoloji problemlərə zamana uyğun şəkildə cavab verilməsinə qadir dindir. Dinimizin ecazkarlığı da bundadır. Amma bu suallara lazımi tərzdə, xüsusən gənclərin şübhələrinə müasir, eyni zamanda dinimizin əsaslarına söykənərək, fəqət yeni düşüncə tərzində cavab verilməməsi dini biliklərin qənaətbəxş olmamasına gətirib çıxarır. Müasir həyatın ortaya çıxardığı suallara 100 il əvvəlki dini düşüncə ilə cavab verilə bilməz. Dinimiz zəngindir, amma zəngin olduğu halda zəif görünür, çünki təqdimat zəifdir. Ona görə də dinin ruhu deyil, forması önə keçir. Bu özünü mərasimlərdə, ayinlərdə göstərir. Forma əxlaq, təfəkkür, şüur, məsuliyyətdən önə keçir. Nəticədə belə görüntü yaranır ki, dini biliklər qənaətbəxş deyil. Qorxu üzərindən təbliğ olunan dində inkişaf olmaz. Din hər zaman mərhəmət, hikmət üzərindən təbliğ olunmalıdır. Şəxsi nümunə də önəmlidir. Din xadiminin sözü ilə əməli arasında fərqlilik yox, uyğunluq olmalıdır. Elm, din ayrılığı məsələsi də ortaya çıxır. Halbuki din elmdən ayrı deyil. Bunlar ayrılmaz məfhumlardır. Bir-birini təkzib etməməlidir. Zamanla uyğunlaşıb əxlaqla, mənəviyyatla inkişafa doğru gedilməlidir.
H.A.İsmayılov bildirdi ki, dini mühitə nəzarət edən qurumlar bu məsələlərə diqqət ayırmalıdır:
- Mədrəsələr, dini tədrisə üstünlük verilən məktəblər olmalıdır. Vaxtilə mədrəsələrdə böyük din xadimləri yetişib. Dini cameəyə məsuliyyət daşıyan qurumlar dinlə bağlı akademik şəkildə maarifləndirmə işinin aparılmasına çalışsınlar. Din xadiminin dünyəvi elmlərdən, fəlsəfədən xəbəri olmalıdır. Dünyaya baxış bucağı daim zamanla ayaqlaşmalıdır. Məktəb və mədrəsələrin yaranmasına təşəbbüs edilməlidir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.