AZ

Zərinə Əhmədova: Türk dövlətləri arasında dostluğun möhkəmləndirilməsi mədəniyyətin mühüm missiyasıdır

Bakı, 16 dekabr, Günel Əliyeva, Tofiq Babayev, AZƏRTAC

Bugünkü proqram özbək mədəniyyətinin çoxşaxəliliyini əks etdirib. Konsertin birinci hissəsi Əlişir Nəvainin beş əsərdən ibarət “Xəmsə” silsiləsi əsasında qurulub və səhnə-tamaşa, rəqs interpretasiyasında təqdim olunub. İkinci hissədə isə tamaşaçılara Özbəkistanın milli ənənələrinin zənginliyi nümayiş etdirilib: ölkənin müxtəlif bölgələrinin koloritini əks etdirən rəqslər, mahnılar və ifalar sənətçilərin publikanı sevindirmək, eyni zamanda vətən ab-havasını çatdırmaq istəklərini ifadə edib.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Özbəkistanın Əməkdar artisti, “Navruz” Özbəkistan Milli Rəqs Ansamblının rəhbəri Zərinə Əhmədova məlumat verib.

Özbəkistan və Azərbaycanın milli rəqsləri arasındakı oxşarlıqlardan danışan Z.Əhmədova bildirib ki, bu amil böyük ölçüdə xalqların ortaq tarixi və yaxınlığı ilə bağlıdır.

“Biz bir-birinə çox yaxın xalqlarıq — sizin dediyiniz kimi, ‘qardaş’, yəni doğma, bacı-qardaşıq. Aramızda çoxlu ortaq cəhət var: dil, mədəniyyət, ənənələr. Bütün bunlar rəqsin ritmlərində, plastikasında və xarakterində aydın hiss olunur”, — deyə o, vurğulayıb.

Zərinə Əhmədovanın sözlərinə görə, türk dövlətləri arasında dostluq münasibətlərinin qorunub saxlanılması xüsusi əhəmiyyət daşıyır: “Bu əlaqələri möhkəmləndirməyin ən yaxşı yolu belə görüşləri, konsertləri və mədəni layihələri daha tez-tez keçirməkdir”.

Seçilən
132
1
azertag.az

2Mənbələr