"Mən artıq 4 aydır ki, Xankəndində deyiləm. Bura çox qəşəngdir".
"Unikal"ın məlumatına görə, bu sözləri Gəncə Ağır Cinayətlər Məhkəməsindəki məhkəmə iclası zamanı Xankəndi şəhərində terror törətməkdə şübhəli bilinən erməniəsilli Avanesyan Karen Albertoviç bildirib.
”Burada hər şey yaxşıdır. Məni incidən yoxdur. Burada ayrı bir dünya var. Hamısı yaxşı yoldaşlardır.
İlham Əliyev çox sağ olsun ki, Xankədində yaşayan ermənilərə hər cür şərait yaradıb. Mənə hökumət tərəfindən yaxşı baxırlar. Normal yemək verirlər.
Bütün məsələləri həll edirlər. Burada dostlar, qardaşlar çoxdur.
Azərbaycan höküməti də, məhkəmə də sağ olsun. Xankəndində pişik saxlayırdım, indi isə burada da pişik saxlamaq istəyirəm", - deyə o əlavə edib.
Qeyd edək ki, cari ilin sentyabrın 14-də Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyib. Polis əməkdaşları ona mane olarkən Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub.
Təqsirləndirilən Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə ittiham edilib.