AZ

Bild: Almaniya Ukrayna ilə birl7kdə silahlanmağa başlayır...

Tərəflər silah istehsalı və texnologiyalar sahəsində genişmiqyaslı tərəfdaşlıq qurmağı planlaşdırır...

Poliqon xəbər verir ki, Almaniya və Ukrayna silahlanma sahəsində hərtərəfli strateji tərəfdaşlıq yaratmaq niyyətindədir. Bild nəşrinin məlumatına görə, tərəflər gələcəkdə Almaniya–Ukrayna birgə istehsalı olan silah sistemlərindən həm Ukrayna Silahlı Qüvvələrində, həm də Almaniya bundəsverində istifadə etməyi planlaşdırır.

Mənbənin yazdığına görə, hazırlanan razılaşma çərçivəsində bir sıra əsas istiqamətlər nəzərdə tutulur. İlk növbədə, silahların birgə hazırlanması və istehsalı üzrə yeni layihələrin reallaşdırılması planlaşdırılır. Bu prosesdə xüsusilə Ukrayna sənayesinin pilotsuz uçuş aparatları və müasir döyüş texnologiyaları sahəsində topladığı qabaqcıl təcrübədən istifadə olunması vacib element kimi qiymətləndirilir.

Razılaşma, həmçinin müdafiə sahəsində texnologiyaların davamlı mübadiləsini nəzərdə tutur. Bu, Almaniya və Ukrayna arasında elmi-texniki əməkdaşlığın dərinləşdirilməsinə, yeni silah sistemlərinin daha sürətli hazırlanmasına və mövcud texnologiyaların təkmilləşdirilməsinə imkan yaradacaq.

Digər mühüm bənd Avropa tərəfdaşlarının iştirakı ilə Ukrayna üçün birgə silah tədarükü üzrə geniş icmanın formalaşdırılmasıdır. Məqsəd silah və hərbi texnikanın satın alınması prosesini daha effektiv və koordinasiyalı etmək, eyni zamanda Ukraynanın ehtiyaclarının Avropa səviyyəsində daha operativ qarşılanmasını təmin etməkdir.

Saziş çərçivəsində Ukraynanın müdafiə sənayesinin ümumavropa hərbi-sənaye bazarına inteqrasiyası da planlaşdırılır. Bu addım Ukrayna müəssisələrinin Avropa standartlarına uyğun fəaliyyətini sürətləndirməklə yanaşı, onların uzunmüddətli perspektivdə beynəlxalq bazarlara çıxışını asanlaşdıra bilər.

Bundan əlavə, Almaniya tərəfinin Ukraynanın müdafiə sənayesinə yatırılacaq investisiyalar üçün federal investisiya zəmanətlərindən istifadə imkanını nəzərdən keçirdiyi bildirilir. Bu mexanizm Alman şirkətlərinin Ukraynada hərbi-sənaye layihələrinə cəlb olunmasını stimullaşdırmaq və investisiya risklərini azaltmaq məqsədi daşıyır.

Bild qeyd edir ki, bu tərəfdaşlıq təkcə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə deyil, həm də Almaniya və bütövlükdə Avropanın uzunmüddətli təhlükəsizlik strategiyasına mühüm töhfə verə bilər.

Poliqon.info

Seçilən
99
poliqon.info

1Mənbələr