Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir. Əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir.
Bu barədə Publika.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, bu tədbirlər nəticəsində xətlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilir. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
Qış aylarında əsasən problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalar nəticəsində yaranır. Primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya tələbi nəzərə alınmır. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir.