“THY Anonim Ortaklığı Ana Sözləşməsi” Şirkətinin Azərbaycandakı “Türk Hava Yolları" Nümayəndəliyi məhkəməlik olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, şirkəti sözügedən qurumun əməkdaşı məhkəməyə verib.
Belə ki, iddiaçı gecə vaxtı işlədiyi müddət üçün ödənilməyən 161300 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədə xahiş edib.
O, iddia tələblərini onunla əsaslandırıb ki, 2011-ci ildə THY-nin Bakı nümayəndəliyinə satış təmsilçisi vəzifəsinə işə qəbul olunub və 12 il qeyd edilən vəzifədə işləyib.
İddiaçı bildirib ki, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 4.18-ci maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Həmin müqavilənin 4.19 və 4.20-cimaddələrinə əsasən iş vaxtı 09:00 başlanır, saat 18:00 qurtarır. Nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir. İddiaçı qeyd edir ki, əmək müqaviləsində qanuna uyğun olaraq iş vaxtı müəyyənləşsə də, işlədiyi müəssisənin rəhbərinin təzyiqi ilə onun əməyi istismar edilib, onu iş vaxtından artıq, gecə saatlarında məcburi işə çıxardıb.