AZ

Veteran futbolçu: “Neftçi” uğur qazanmaq istəyirsə, əsas heyəti qoruyub saxlamalıdır

Bakı, 15 dekabr, AZƏRTAC

“Neftçi”yə hər mövsüm ən azı 10 futbolçu dəvət edilir. Bəzən bu rəqəm daha da artır. Belə olan halda sabit nəticə əldə etmək qeyri-mümkündür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Bahodir Nəsimov deyib.

Özbəskitanlı veteran hücumçu bildirib ki, heyətdə tez-tez dəyişiklik etmək komandanın meydandakı nəticəsinə təsirsiz ötüşmür: “Çünki futbolçular bir-birini tanımır, meydanda qarşılıqlı anlaşma formalaşmır. Hesab edirəm ki, komandanın əsas heyəti qorunub saxlanmalıdır. Əgər üç-dörd futbolçu komandanın oyun sisteminə uyğun gəlmirsə, onları dəyişmək olar. Lakin hər il 10–15 futbolçunun dəyişdirilməsi nəticə əldə etməyə imkan vermir. “Qarabağ”, “Zirə” və “Sabah” klubları bu cür yanaşmadan istifadə etmirlər. Mənim demək istədiyim də məhz budur. Belə şəraitdə uğur qazanmaq çətinləşir”.

Onun sözlərinə görə, “Neftçi” üçün bu mövsüm də asan olmayacaq: “Çünki liderlərlə xal fərqi artıq 17-yə çatıb. Hətta ikinci yerlə də xal fərqi çoxdur. Ona görə də komanda ardıcıl olaraq xal itirməməlidir. Yaxşı nəticə əldə etmək üçün hər oyunda uduzmamaq, mümkün qədər çox qələbə qazanmaq və heç olmasa ilk “üçlük”də yer almaq lazımdır. Yeni baş məşqçi Yuri Vernidubun dərhal nəticə verməsi real deyil. Ona da zaman lazımdır. Futbolçular məşqçinin oyun fəlsəfəsini, tələblərini və yanaşmasını mənimsəməlidirlər. Bu isə müəyyən vaxt tələb edir. Bir məşqçinin bu gün gəlib, bir-iki ay ərzində ciddi nəticə göstərməsi çox çətindir”.

Qeyd edək ki, “Neftçi” 14 turdan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.

Seçilən
92
azertag.az

1Mənbələr