Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universiteti arasında “Optoelektronika”, “Yarımkeçirici cihazlar və texnologiyalar” və “Mikroelektronika və nanoelektronika” ixtisasları üzrə ikili magistr dərəcələrinin verilməsi haqqında müqavilə imzalanıb. Sənəd iki universitet arasında akademik əməkdaşlığı gücləndirmək və tələbələr üçün beynəlxalq səviyyədə təhsil imkanlarını genişləndirmək məqsədini daşıyır.
"Unikal" xəbər verir ki, ikili diplom proqramları çərçivəsində magistratura pilləsinin müvafiq ixtisaslaşmasının tələbələri həm BDU-da, həm də Anhui Universitetində təhsil alaraq iki ölkənin qabaqcıl təhsil və tədqiqat imkanlarından yararlana biləcəklər. Proqramlar tələbələrə optoelektronika, yarımkeçirici cihazlar və texnologiyalar, mikroelektronika və nanoelektronika sahələrində müasir bilik və praktik bacarıqlar qazandıracaq.
Müqavilənin imzalanması mərasimində tərəflər proqramın əhəmiyyətini vurğulayıb, birgə təhsil və tədqiqat imkanlarının gücləndirilməsinin strateji əhəmiyyətini qeyd ediblər. BDU-nun rektoru Elçin Babayev bu təşəbbüsün BDU-nun tələbələri üçün beynəlxalq təcrübə və tədqiqat imkanlarını genişləndirəcəyini bildirib. Anhui Universitetinin Universitet Şurasının sədri Yu Baotao isə proqramın Çin və Azərbaycan universitetləri arasında müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirəcəyini qeyd edib.
Bu ikili magistr proqramlarının həyata keçirilməsi iki universitet arasında elmi və akademik əlaqələrin möhkəmlənməsinə, tələbələr üçün qabaqcıl təhsil və tədqiqat imkanlarının yaradılmasına və müasir çağırışlara cavab verə biləcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.