Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda ifrat sağçı namizəd Xose Antonio Kast 16 faiz fərqlə qalib gəlib.
"Cebheinfo.az" xəbər verir ki, Çili Seçki Xidmətinin (SERVEL) açıqladığı qeyri-rəsmi nəticələrə görə, səslərin 99 faizi sayılıb.
Nəticələrə əsasən, Respublikaçı Partiyanın 59 yaşlı hüquqşünası və ifrat sağçı namizədi Xose Kast səslərin 58,2 faizini toplayaraq seçkilərdə qələbə qazanıb.İqtidar partiyasının dəstəklədiyi və “Çili üçün Birlik” blokunun solçu namizədi Jeannette Jara isə səslərin 41,8 faizini əldə edə bilib.
Məğlubiyyətini qəbul edən Jara rəqibi Kastı təbrik edərək bildirib:
“Demokratiya güclü və aydın şəkildə sözünü dedi. Seçilmiş Prezident Kastla danışdım, çünki vətəndaşların qərarına hörmət göstərmək məcburiyyətindəyik. Ən çox da məğlubiyyət anlarında demokratiyanın dəyərinə daha sıx sarılmaq lazımdır”.
Çili Prezidenti Qabriel Boric isə televiziya vasitəsilə canlı yayımda Kastı təbrik edərək, “Dövlət olaraq ölkəmiz üçün hər zaman əməkdaşlığa açıq olacağımı bilməyinizi istəyirəm” deyə bildirib.
Kast isə Boricin səlahiyyət ötürülməsi ilə bağlı əməkdaşlıq çağırışına təşəkkür edərək, “Son dərəcə nizamlı və hörmətli bir keçid prosesi olmasını istəyirəm. Həmçinin 11 martdan sonra da ölkəyə dair fikirləri və dəyərləndirmələri mənim üçün çox dəyərli olacaq” ifadələrini işlədib.