AZ

Kareliya Respublikasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Moskva, 15 dekabr, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Rusiyanın Kareliya Respublikasının Petrozavodsk şəhərində anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Rusiyadakı səfirliyinin və Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə Kareliya Respublikasının Milli və Regional Siyasət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xalqlar Dostluğu Evi”ndə baş tutub.

Anım mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, Kareliya Respublikasının milli və regional siyasət naziri Sergey Kisilyov, iqtisadi inkişaf naziri Anton Fokin, Petrozavodsk şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycanlıların Milli Mədəniyyəti regional ictimai təşkilatının və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Rəhman Mustafayev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq onun əvəzolunmaz siyasi irsə malik, unikal dövlətçilik dəst-xətti formalaşdıran böyük tarixi şəxsiyyət olduğunu bildirib. Səfir qeyd edib ki, belə bir dahi şəxsiyyətin azərbaycanlı olması Azərbaycan xalqının milli üstünlüyü və ümumbəşəri miqyasda böyük uğurdur.

Çıxışında Heydər Əliyevin Azərbaycan xalqını mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxardığını, ölkəni müstəqilliyə qovuşdurduğunu vurğulayan səfir bildirib ki, bu gün davamlı inkişaf yolu ilə irəliləyən müasir Azərbaycan Ulu Öndərin həyat amalının təntənəsidir. O, həmçinin Heydər Əliyevin şah əsəri olan güclü Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu sübuta yetirdiyini qeyd edib.

Daha sonra çıxış edən Kareliya Respublikasının milli və regional siyasət naziri Sergey Kisilyov Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıb. O bildirib ki, dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin təməli vaxtilə Ulu Öndər Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qoyulub.

“Odlar Yurdu” Azərbaycanlıların Milli Mədəniyyəti regional ictimai təşkilatının sədri Rasim Seydəliyev çıxışında xaricdə yaşayan azərbaycanlıların vahid diaspora təşkilatı ətrafında birləşməsi ideyasının məhz Ümummilli Lider Heydər Əliyevə məxsus olduğunu vurğulayıb. O, Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və tərəqqisi naminə gördüyü işlərdən, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs edib.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib, həmçinin fotosərgi təşkil olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
111
azertag.az

1Mənbələr