Gənc Vətənpərvərlər “İctimai Birliyi” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbir keçirib.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər arasında Konstitusiya və suverenlik ili” layihəsi çərçivəsində tədbir ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Bakı Neft-Energetika Kollecinin direktoru Ata Babayev və layihə rəhbəri Müqamət ƏliyevKonstitusiyanın dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” müasir Azərbaycan dövlətçiliyinin inkişafında xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə tarix müəllimi Sevinc Məmmədova, AMEA Tarix və Etnologiya İnstitutunun elmi katibi professor Bəhmən Əliyev və digər natiqlər çıxış edərək Konstitusiyanın qəbulunun 30 illiyinin suverenliyi tam təmin olunmuş Azərbaycanda qeyd edilməsinin tarixi nailiyyət olduğunu bildiriblər.
Sonda Pərvanə Məmmədova, Ata Babayev və Kərim Şükürov gənclərdə vətənpərvərlik tərbiyəsinin təbliği sahəsində fəaliyyətlərinə görə Fəxri Fərmanlarla təltif olunublar.
Tədbirdə kollecin müəllim və tələbə heyəti, GVİB rəhbərliyi və könüllülər iştirak ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir