AZ

FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib

Havaların soyuması ilə məişətdə qazla işləyən qızdırıcı cihazlardan istifadə artır və bu, dəm qazı təhlükəsini xeyli yüksəldir. Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bir daha xatırladıb.

Doğru.az xəbər verir ki, müraciətdə qeyd olunur ki, dəm qazı iysiz olduğu üçün onu hiss etmək mümkün deyil və təhlükəsizlik qaydalarına əməl edilmədikdə faciəli nəticələr baş verə bilər. FHN xəbərdarlıq edib ki, qaz cihazı saz və standartlara uyğun olmalı, cihazın yerləşdiyi məkanın hündürlüyü 2,2 metrdən az olmamalı, havaçəkən sistemi işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu və qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Müraciətdə bildirilir ki, qaz cihazı olan məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması və halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir. Belə hallarda dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmanı çətinləşdirən geyimlərdən azad etmək və təcili tibbi yardım çağırmaq lazımdır. FHN vətəndaşlara vurğulayıb: “Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”

DOĞRU.AZ

Seçilən
37
26
dogru.az

10Mənbələr