AZ

Şərurda şəhid mayor Vüsal Vəliyevin anım günü qeyd olunub

Şəhid mayor Vəliyev Vüsal İslam oğlunun anım günü münasibətilə Şərur rayon Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.

 

Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və icra hakimiyyətinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin Şərur rayon sektorunun müdiri, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin əməkdaşı, Əlahiddə Ümumqoşun Ordusunun hərbçiləri və kənd sakinləri iştirak ediblər.

 

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edənlər qəhrəman şəhidimizin həyat və döyüş yolundan, göstərdiyi igidliklərdən bəhs etmiş, onun vətənpərvərlik, fədakarlıq və mərdlik nümunəsinin gənc nəsil üçün örnək olduğunu vurğulamışlar.

 

Tədbirdə şagirdlər şəhidlərə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş, ruh yüksəkliyi və dərin ehtiram hissi ilə çıxış etmişlər. Anım mərasimi şəhidin məzarının ziyarəti ilə davam etmiş, məzar üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.

 

Qeyd edək ki, şəhid mayor Vüsal Vəliyev Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. O, hərbi xidmət dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sinra “Vətən uğrunda”, "İgidliyə görə" medalı və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir. Şəhidimizin göstərdiyi qəhrəmanlıq, Vətənə sədaqət və xidmət yolu xalqımızın yaddaşında əbədi yaşayacaq, onun əziz xatirəsi hər zaman dərin ehtiramla anılacaqdır.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

" Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi



Seçilən
84
1
herbiand.az

2Mənbələr