AZ

Qusarda baş verən ağır yol qəzasında yaralananların vəziyyəti açıqlanıb

Qusar, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC

Dekabrın 14-də Qusar rayonu ərazisində baş verən avtomobil qəzasında yaralananların vəziyyəti açıqlanıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər (1 qadın, 3 kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdəbir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Müalicələri Reanimasiya şöbəsində davam etdirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü şəxslər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Qusar rayonunun Yuxarı Ləgər kəndi ərazisində "KİA" markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb. Hadisə nəticəsində, ümumilikdə, 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Seçilən
47
8
azertag.az

9Mənbələr