AZ

ŞƏHİD Bağır Ələkbərovun adına Mərasim evinin açılışı olub

Bu gün Naxçıvan şəhəri Əliabad qəsəbəsində Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimiz Ələkbərov Bağır Əsəd oğlunun adını daşıyan mərasim evinin açılışı olub.

 

Əvvəlcə şəhidimizin məzarı ziyarət olunub, əziz ruhuna dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülərək xatirəsi ehtiramla yad edilib.

 

Daha sonra mərasim evinin qarşısında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının əməkdaşlarının, Ali Məclisin deputatlarının, digər dövlət qurumlarının nümayəndələrinin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən bəhs ediblər. Çıxışlarda bildirilib ki, bu şanlı Qələbə məhz Bağır Ələkbərov kimi mərd, vətənpərvər oğulların qəhrəmanlığı, fədakarlığı və şəhidliyi bahasına mümkün olub. Vurğulanıb ki, Vətən naminə canını fəda edən şəhidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi şücaət gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

 

Tədbir zamanı şəhid Bağır Ələkbərovun həyat və döyüş yolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, o, Vətənə, torpağa sonsuz məhəbbətlə bağlı olan, hərbi borcunu ləyaqətlə yerinə yetirən igidlərimizdən biri olub. Şəhidimizin Vətən müharibəsi zamanı göstərdiyi mərdlik, döyüş əzmi və sona qədər irəli getmək iradəsi onun əsl Azərbaycan əsgəri obrazını təsdiqləyir.

 

Sonda şəhidin atası Əsəd Ələkbərov çıxış edərək mərasim evinin tikilib ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib.

 

Tədbirin sonunda mərasim evində şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

 

Bəxtiyar Əliyev

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Seçilən
68
herbiand.az

1Mənbələr