Xose Antonio Kast ikinci turda 58 faiz səs toplayaraq prezident seçilib…
Poliqon xəbər verir ki, Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda ifrat sağçı namizəd Xose Antonio Kast qələbə qazanıb. Reuters Agentliyinin məlumatına görə, seçicilərin 58 faizi Kastın lehinə səs verib. Onun əsas rəqibi, 51 yaşlı kommunist deputat Janet Xara isə 42 faiz səs toplayıb və artıq məğlubiyyətini etiraf edib.
Seçki kampaniyası zamanı Xose Antonio Kast sərt miqrasiya siyasəti və dövlət xərclərinin kəskin azaldılması ilə bağlı vədlərlə çıxış edib. Onun proqramında ABŞ-nin Miqrasiya və Gömrük Xidməti modelinə bənzər xüsusi polis qurumunun yaradılması, ölkədə qanunsuz yaşayan miqrantların sürətli şəkildə saxlanılması və deportasiyası nəzərdə tutulub. Kast həmçinin dövlət aparatının kiçildilməsi və büdcə xərclərinin genişmiqyaslı ixtisarı ideyasını fəal şəkildə müdafiə edib.
Bu seçki kampaniyası Xose Antonio Kast üçün prezident postuna üçüncü namizədlik cəhdi olub. O, 2021-ci ildə keçirilən prezident seçkilərinin ikinci turunda solçu namizəd Qabriel Borikə uduzmuşdu. Bu dəfə isə Kast elektoratın əksəriyyətinin dəstəyini qazanaraq Çilinin yeni prezidenti seçilib.
Poliqon.info