ABŞ-ın güclü təzyiqi altında Ukrayna hakimiyyəti Kiyevin nəzarətində olan Donetsk vilayətinin bir hissəsindən qoşunların çıxarılması imkanını nəzərdən keçirir. ABŞ prezidenti Donald Tramp həmin ərazidə demilitarizasiya olunmuş zona yaradılmasını təklif edir.
NOCOMMENT.az xəbər verir ki, lakin bu addımın praktikada Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılması və bunun nəticəsində bütün region üzərində suverenliyin itirilməsi demək olacağını nəzərə alsaq, belə bir ssenari real görünmür. Bu fikri tanınmış çex politoloqu və jurnalisti Ondra Soukup Donbasda demilitarizasiya zonası yaradılmasının müharibənin dayandırılması naminə mümkün güzəşt kimi müzakirə olunmasını şərh edərkən bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak “Le Monde” qəzetinə müsahibəsində demilitarizasiya zonasının yaradılmasının həm Ukrayna, həm də Rusiya qoşunlarının cəbhə xəttindən geri çəkilməsini tələb edəcəyini açıqlayıb.
Ukrayna güzəştlərə hazırdır, lakin təhlükəsizlik zəmanətləri istəyir
Cari həftənin sonunda Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Ukrayna artıq ərazi güzəştlərinə “hazırdır”. Onun sözlərinə görə, Kiyev ABŞ və Rusiya ilə danışıqlarda əsas maddələrdən biri olan Donbasda demilitarizasiya zonasının yaradılmasına razılıq verib.
Mertsin bildirdiyinə əsasən, bu güzəşt Avropanın aparıcı liderləri tərəfindən dəstəklənir və artıq dörd ilə yaxındır davam edən müharibəyə son qoymaq məqsədi daşıyır. Təklif Prezident Zelenskinin yenilənmiş sülh planına daxil edilib və bu plan Donald Trampa təqdim olunub. Planın hazırlanmasında Fridrix Mertslə yanaşı Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer də iştirak ediblər.

Kiyevin mövqeyinə görə, demilitarizasiya zonası Donbasda mövcud cəbhə xəttinin hər iki tərəfindən – həm Ukrayna, həm də Rusiya qoşunlarının geri çəkilməsini nəzərdə tutur. Strateji əhəmiyyətə malik sənaye regionu olan və 2014-cü ildən Rusiyanın iddia etdiyi Donbas gələcəkdə beynəlxalq qüvvələrin, o cümlədən ABŞ-ın nəzarətinə verilə bilər. Məqsəd Rusiyanın növbəti hərbi təcavüzünün qarşısını almaqdır.
Soukupun sözlərinə görə, Rusiya və ABŞ tərəfindən hazırlanmış atəşkəs planında Krımın tanınması və Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin Moskvaya verilməsi Kremlin “qırmızı xətti”dir. Bu səbəbdən Vaşinqton Prezident Zelenskidən bu planı qəbul etməsini ciddi şəkildə tələb edir və Kiyev böyük təzyiq altındadır.
“Kiyev pis oyunda yaxşı üz göstərməyə çalışır”
“Hazırda Kiyev pis oyunda yaxşı üz göstərməyə çalışır”, – deyə çex politoloqu bildirib. Onun sözlərinə görə, ukraynalılar böyük kompromislərə getməyə hazırdırlar, lakin bunun müqabilində real təhlükəsizlik zəmanətləri əldə etmək istəyirlər.
“Əgər ABŞ Ukraynanı NATO-ya qəbul etməyə razılaşsaydı, Kiyev daha geniş ərazilərdən qoşunları çıxarmağa, rus dilinə dövlət statusu verməyə və digər güzəştlərə də gedərdi. Çünki təhlükəsizlik zəmanətləri Kiyev üçün həyati əhəmiyyət daşıyır. Bu, Moskvada bir neçə ildən sonra 24 fevral 2022-ci ildə başlanan işi davam etdirmək istəyi yaranmaması üçün vacibdir”, – deyə Soukup vurğulayıb.
Onun fikrincə, Qərbdən “dəmir-beton” zəmanətlər olmadan Kramatorsk və ya digər Ukrayna şəhərlərinin taleyi ilə bağlı müzakirələrin heç bir mənası qalmır.
“Bu layihə çox xamdır”
Soukup Donetsk vilayətinin demilitarizasiyası və orada Rosqvardiya tərəfindən qorunan azad iqtisadi zonanın yaradılması ideyasını son dərəcə “xam” layihə adlandırıb. Politoloqun fikrincə, bu, daha çox Moskva və Vaşinqtonun arzularıdır, nəinki detallı şəkildə işlənmiş real plan.
O xatırladıb ki, “Financial Times” nəşrinin yazdığına görə, ABŞ Qərb banklarında dondurulmuş Rusiya aktivlərinin 50 faizini götürərək Zaporojye AES-in yaxınlığında iri data-mərkəzlərin yaradılmasına yönəltməyi planlaşdırır. Bu mərkəzlər AES-in ucuz elektrik enerjisi ilə işləyəcək.

“İdeya maraqlıdır, amma praktikada bunun necə həyata keçiriləcəyini təsəvvür etmirəm”, – deyə Soukup qeyd edib. – “Qoşunların bu ərazidən çıxarılması Ukraynanın suverenliyinin faktiki olaraq sona çatması deməkdir və orada Rusiya qanunları tətbiq olunacaq”.
Onun sözlərinə görə, bunun baş verməsi üçün Ukraynada referendum keçirilməlidir. Lakin 4 milyon vətəndaşın ölkədən kənarda, daha 6 milyonunun isə ölkə daxilində məcburi köçkün olduğu bir şəraitdə referendumun təşkili real deyil.
Avropa Ukraynanın əsas maliyyə dayağıdır
Soukup vurğulayıb ki, hazırda Avropa Ukraynanın əsas və faktiki olaraq yeganə maliyyə dəstəkçisidir. ABŞ-dan Kiyevə artıq birbaşa maliyyə vəsaiti daxil olmur, Ukrayna Silahlı Qüvvələri üçün alınan Amerika silahlarının pulunu Avropa İttifaqı ödəyir.
Eyni zamanda, qısa müddətdə Ukrayna ordusunun Rusiya üzərində qələbə qazanacağına dair heç bir əlamət yoxdur. Bu səbəbdən Avropanın müharibəni dayandırmaqda marağı kifayət qədər yüksəkdir.
“Əgər ukraynalılar hansısa əraziləri verməyə hazırdırsa, bu, onların hüququdur”, – deyə politoloq yekunlaşdırıb. – “Hər şey yenə də təhlükəsizlik zəmanətləri məsələsinə dirənir”.

Rusiyanın real planları naməlumdur
Soukup əlavə edib ki, beynəlxalq hüquq normaları Avropaya dondurulmuş Rusiya aktivlərindən Ukraynanın dəstəklənməsi üçün asanlıqla istifadə etməyə imkan vermir. Brüsseldə yerləşən Euroclear depozitarisi yalnız o halda bu vəsaitlərin açılmasına razıdır ki, Avropa İttifaqının bütün ölkələri mümkün hüquqi risklər zamanı bu pulların Rusiyaya qaytarılmasına birgə zəmanət versin.
Politoloqun fikrincə, Putinin istədiyi kimi Donetsk vilayətinin tam şəkildə Rusiyanın nəzarətinə keçməsi hazırkı vəziyyəti köklü şəkildə dəyişməyəcək.
“Ən böyük problem Rusiyanın real planları haqqında heç nə bilməməyimizdir”, – deyə Soukup bildirib. – “Kreml sülhü həqiqətən istəyir, yoxsa sadəcə vaxt udaraq Ukraynanın kapitulyasiyasını gözləyir – bu, naməlumdur”.
Onun sözlərinə görə, Rusiyanın “qırmızı xətləri” arasında Donbas, Ukrayna ordusunun say tərkibi və işğal olunmuş ərazilərin beynəlxalq səviyyədə tanınması var. Qərb isə hələ də Kremlin hansı güzəştlərə hazır olduğunu bilmir.
“Bir sözlə, bu gün vəziyyət son dərəcə dolaşıqdır”, – deyə çex politoloqu vurğulayıb.
Mənbə: Haqqin.az