Suriyanın Palmira şəhərində ABŞ Milli Qvardiyasının iki əsgərinə tərcüməçi kimi xidmət edən Amerika vətəndaşını qətlə yetirən şəxsin Suriya Prezidenti Əhməd əş-Şaraanın yaxın çevrəsinə daxil olduğu məlum olub.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolardan birində cinayəti törədən şəxs ictimai tədbirlərin birində birbaşa Əhməd əş-Şaraanın yanında əks olunub.

Məlumata görə, həmin şəxs Suriyanın Daxili İşlər Nazirliyi tərəfindən Palmira şəhərinə “ictimai asayişin təmin edilməsi” məqsədilə göndərilib. İstintaq müəyyən edib ki, hücumçu ABŞ ordusunun yüksək rütbəli komandirlərinin iştirak etdiyi iclas zamanı terror aktı törətməyi planlaşdırıb. Lakin iclasın keçirildiyi binaya daxil olmaq cəhdi Amerika hərbçiləri tərəfindən qarşısı alındıqdan sonra o, onlara atəş açıb.
Keçmişi İŞİD-lə bağlı olub
Bildirilir ki, hücumçu 2014-cü ildə terror təşkilatı İŞİD-ə qoşulub və bu qurumun tərkibində Bəşər Əsəd rejiminə, eləcə də Suriyanın Rakka və Homs əyalətlərində fəaliyyət göstərən digər silahlı qruplaşmalara qarşı döyüşlərdə iştirak edib.
Əsəd rejimi devrildikdən sonra o, İŞİD üzvlərindən ibarət bir qrupla birlikdə Dəməşqə gedərək, Suriya Ərəb Respublikasında yeni hökumət tərəfindən formalaşdırılan təhlükəsizlik qüvvələrinin sıralarına daxil olub.
Suriya Daxili İşlər Nazirliyi rəsmi olaraq hücumu törədən şəxsin ölkənin təhlükəsizlik strukturlarının əməkdaşı olduğunu təsdiqləyib. Nazirliyin mətbuat katibi Nureddin əl-Baba bildirib ki, insidentdən əvvəl də həmin şəxsin radikal ideoloji baxışlara malik olduğu məlum idi.
“Radikal baxışları öncədən bilinirdi”
Mətbuat katibinin sözlərinə görə, bürokratik ləngimələr və hadisə ərəfəsində qeyri-iş günü olması səbəbindən məsələ vaxtında araşdırılmayıb.
“Bizə hələ dekabrın 10-dan məlum idi ki, amerikalıları öldürən şəxs təkfirçi ideologiyalara bağlıdır. Bazar günü ona qarşı tədbir görməyi planlaşdırırdıq. Lakin o, cinayəti bundan bir gün əvvəl törətdi”, – deyə Nureddin əl-Baba bildirib.
Xatırladaq ki, hadisədən sonra ABŞ Prezidenti Donald Tramp bu hücuma görə İŞİD-dən “amansız şəkildə qisas alınacağını” bəyan edib. Daha əvvəl ABŞ Hərbi Hava Qüvvələri Palmira və Əl-Baba ətrafında İŞİD-in nəzarətində olan kəndlərə aviazərbələr endirmişdi.
Vaşinqton Dəməşqi ittiham etmir
Bununla belə, nə Pentaqon, nə də Ağ Ev hücumçunun Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşı olması barədə rəsmi açıqlama verib və hadisəyə görə Suriya hökumətini məsuliyyətə cəlb edən bəyanat səsləndirilməyib.
Əksinə, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın Suriya Prezidenti Əhməd əş-Şaraaya ünvanladığı məktubda qeyd olunub ki, o, “Birləşmiş Ştatların dəstəyi ilə böyük liderə çevrilə bilər”.