AZ

Qərbi Azərbaycan toponimləri silahbəndlik tariximiz haqqında nə deyirlər? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
 
Moderator.az xəbər verir ki, buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Qərbi Azərbaycan torpaqlarından tapılan silahlar, eləcə də Azərbaycan miniatür sənətinin orta əsrlərdə hərbi tarixi necə üzə çıxarmasından söz açıb.
 
O bildirib ki, XVII əsr Azərbaycan şairi Məsihi tərəfindən yazılmış liriko-epik "Vərqa və Gülşa" əlyazması Azərbaycan silah tarixi üçün aydın mənbədir: "XIII əsrin əvvəllərində miniatür rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin bu əlyazmaya çəkdiyi miniatürlərdə silah sirləri görünür. "Cəbhə" sözünün mənşəyi Azərbaycan hərb tarixinin dərin qatına gedib çıxır. Dəmirçi adlı kəndlərin mövcudluğu Azərbaycan silahbəndliyinin sübutudur. Peykanlı kəndinin adı ox istehsalının izlərini qoruyur. Azərbaycan şairi İmadəddin Nəsimi yaradıcılığı orta əsr Azərbaycan hərb terminlərini yaşadır. Qala mühasirələrinin miniatür təsvirləri orta əsr hərb strategiyasını açıq göstərir".
 
Onun sözlərinə görə, Monqol imperiyasına qarşı 30 illik dirəniş bizi güclü xalq kimi göstərir və hərb tariximizi ortaya qoyur: "Azərbaycan Atabəyləri dövləti hərb tarixində xüsusi yer tutur. Qərbi Azərbaycan Atabəylər dövründə hərbi rolun sahibi idi. Qərbi Azərbaycan toponimləri silahbəndlik tariximiz haqqında dəqiq məlumat verir. Ermənilərin silah tapıntılarını özününküləşdirməsi saxtakarlığın davamıdır.
 
S.Əhmədov Azərbaycan torpaqlarından tapılan silahların kimə aid olmasına, Qərbi Azərbaycan silah tapıntılarının erməniləşdirilməsinin məqsədinə, ölkəmizin döyüş sənətinin miniatürlərdə hansı detalları üzə çıxarmasına aydınlıq gətirir.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Seçilən
7
3
moderator.az

4Mənbələr